“Bizi çətin oyun gözləyir”.
Sportnet.az-ın məlumatına görə, bunu Şimali İrlandiya “Linfild”inin kapitanı Ceymi Malqryu "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib. 33 yaşlı yarımmüdafiəçi işlərinin çətin olacağını diqqətə çatdırıb: “Kiçik üstünlüyümüz var. Amma bu, çox da böyük önəm kəsb etmir. Xüsusən də “Qarabağ” kimi güclü komandaya qarşı oyunda”.
Malqryu “Bakı gözəldir, yoxsa “Qarabağ”ın oynadığı futbol” sualını belə cavablandırıb: “Əla şəhərdir, gözəl insanları var. Azərbaycan paytaxtı gözləntilərimizi qarşıladı. O ki qaldı oyuna, indiyə qədər qarşılaşdığımız ən çətin rəqiblərdən biri “Qarabağ” idi. Sabah da çətin olacaq və rəqibin oyun səviyyəsini artıracağını düşünürəm”.
Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" matçı saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Şimali İrlandiya təmsilçisi qələbə qazanıb - 3:2.