UEFA-ya üzv olan bütün milli federasiyaların FİFA prezidenti
Yozef Blatterə qarşı oturaq aksiyaya qatılacağı ilə bağlı xəbərə AFFA-dan
reaksiya gəlib. Sportnet.az-a açıqlama verən qurumun Mətbuat və İctimaiyyətlə Əlaqədar Departamentinin
rəhbəri Mikayıl Nərimanoğlu "The Telegraph” qəzetinin yazdıqlarını təəccüblə
qarşıladığını bildirib.
Nərimanoğlu deyib: "Biz bunu ilk dəfədir ki, eşidirik. Onların
bu xəbəri nəyə əsasən yazdıqlarını deyə bilmərəm. Bunu həmin mətbu
orqandan öyrənə bilərsiniz”.
Daha bir məqam odur ki, mayın ortalarında İordiyanıyanın
paytaxtı Əmmanda keçirilmiş Asiya Futbol Forumuna AFFA-nın baş katibi Elxam
Məmmədov UEFA-nın və qurumun prezidenti Mişel Platininin nümayəndəsi kimi
qatılıb. Bu isə istər-istəməz AFFA rəhbərliyinin FİFA prezidenti Yozef
Blatterdən narazı olduğu bildirilən Platiniyə dəstək verməsi qənaətini yaradır.
Lakin Nərimanoğlu burada qeyri-adi bir şeyin olmadığını deyib: "Gəlin belə
danışaq, o, da UEFA prezidenti Mişel Platininin nümayəndəsi kimi həmin tədbirdə
iştirak edib. Orada dəstəkləmək söhbəti olmayıb”.
Qeyd edək ki, "The Telegraph” nəşri UEFA-ya üzv olan bütün 54 milli federasiya nümayəndələrinin FİFA prezidenti Yozef Blatterin yenidən seçilməsinə qarşı oturaq etiraz aksiyası keçirəcəyini yazıb. Bu aksiyanın iyunda Braziliyanın San-Paulu şəhərində baş tutacaq FİFA-nın illik konqresində olacağı deyilir.