Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "ASCO Arena"da "Keşlə" "Zirə"ni qəbul edib. Görüş nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
İlk yarıda hesab açılmayıb. İkinci hissədə isə "Keşlə" iki gözəl qol vurub. 53-cü dəqiqədə Ruslan Qurbanov qapının uzaq küncünə qarşısıalınmaz zərbə endirib. 64-cü dəqiqədə isə Lorenso Frutos cinah ötürməsindən sonra topu birbaşa qapıya göndərib. Bununla da qollarının sayını 4-ə çatdıran Frutos bombardirlər siyahısında vahid liderə çevrilib.
"Keşlə" isə xallarını 10-a çatdıraraq, 3-cü pilləyə yüksəlib. Əvəzində "Zirə" 7 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun ilk 3 oyununda "Qarabağ" öz meydanında "Sumqayıt"a 2:0, "Neftçi" səfərdə "Qəbələ"yə, "Sabah" evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.
---------
Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həftənin üçüncü matçında "Sabah" "Səbail"i qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə başa çatıb - 3:0.
Hesabı 78-ci dəqiqədə Coşqun Diniyev açıb. İkinci topu 85-ci dəqiqədə Cavid İmamverdiyev vurub. Son nöqtəni isə 90+6-cı dəqiqədə 2000-ci il təvəllüdlü Şakir Seyidov qoyub.
Cari çempionatda ilk qələbəsini qazanan "Sabah" xalını 5-ə çatdırıb və sonuncu yerdən qurtulub. "Səbail" isə 10 xalla ikinci sırada qalıb.
İqor Ponomaryov bu qarşılaşmada "Sabah"ın müvəqqəti baş məşqçisi kimi debüt etsə də, müvafiq kateqoriyası olmadığı üçün texniki zonada klub rəsmisi kimi əyləşib. Onu oyunsonrası mətbuat konfransında protokolda baş məşqçi kimi göstərilən köməkçisi Rövşən Babayev əvəzləyib.
Qeyd edək ki, həftənin ilk iki matçında "Qarabağ" evdə "Sumqayıt"ı məğlub edib - 2:0. "Qəbələ" isə doğma meydanda "Neftçi"yə 3 cavabsız qolla uduzub. Tura bu gün saat 19:45-də start götürəcək "Keşlə" - "Zirə" qarşılaşması ilə yekun vurulacaq.
-------
Bu gün Azərbaycan Premyer Liqasında VI turun son 2 oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar paytaxt stadionlarında təşkil olunacaq.
"Sabah" komandası "Bank Respublika Arena"da "Səbail"i qəbul edəcək. Hazırda 2 xala malik meydan sahibləri matça ilk dəfə müvəqqəti baş məşqçi İqor Ponomaryovun rəhbərliyi altında çıxacaqlar. Ötən gün "Qəbələ"nin "Neftçi"yə məğlubiyyətindən sonra "Sabah" sonuncu pillədən qurtulmaq üçün əlverişli fürsət yaxalayıb. Bundan ötrü mütləq qalib gəlmək lazımdır. Elə 10 xalla 2-ci pillədə olan "Səbail" də lider "Qarabağ"la xal fərqini 5-ə endirmək üçün mütləq qələbə qazanmalıdır.
İndiyədək bu iki klub 4 dəfə üz-üzə gəlib. Oyunların 1-də "Sabah", 2-də "Səbail" qələbə qazanıb. Topların nisbətində də Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv irəlidədir - 6:3. “Səbail” son üç matçda meydanı qolsuz tərk etməyib. “Sabah”ın ev oyunlarında 4 qol vurulub.
Turun son matçı isə "ASCO Arena"da "Keşlə" və "Zirə" arasında olacaq. Hazırda bu komandalar hərəyə 7 xalla 4-5-ci yerləri bölüşürlər. Qarşılaşmanın istənilən nəticəsi 8 xalla 3-cü yerdə olan "Neftçi"nin ən azı bir pillə geriləməsinə səbəb olacaq. Çünki hər iki klub şəxsi oyunlarda flaqmanı üstələyir.
"Keşlə" və "Zirə" indiyədək 16 dəfə üz-üzə gəlib. Onlar hərəyə 4 qələbə qazansalar da, topların nisbətində "qartallar" öndədir - 17:15. “Zirə” son iki oyunda ardıcıl qələbələr qazanıb. “Keşlə” isə son üç ev görüşünü qolsuz tərk etməyib.
Qeyd edək ki, turun ilk 2 oyununda "Qarabağ" evdə "Sumqayıt"ı 2:0, "Neftçi" isə səfərdə "Qəbələ"ni 3:0 hesabı ilə yenib.
Azərbaycan Premyer Liqası, VI tur
29 sentyabr (bazar)
17:30. “Sabah” – “Səbail” - 3:0
Qol: Coşqun Diniyev, 78. Cavid İmamverdiyev, 85. Şakir Seyidov, 90+6
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Bank Respublika Arena”
19:45. “Keşlə” – “Zirə” - 2:0
Qollar: Ruslan Qurbanov, 53. Lorenso Frutos, 64
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASCO Arena”
Qeyd edək ki, hər iki görüş “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.