"Qarabağ" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Lüksemburqda "Düdelanj"ın qonağı olub. Görüş Ağdam klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 11-ci dəqiqədə Abdullah Zubir açıb. 30-cü dəqiqədə Miçel fərqi artırıb. Bundan sonra görüşün keçirildiyi "Jozi Bartel" stadionunda erməni təxribatı baş verib. Arena üzərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı sallanıb. Buna "Qarabağ"ın futbolçuları və azarkeşlər kəskin etiraz ediblər. Oyunda 15 dəqiqədən çox fasilə yaranıb.
Yerli idman nazirinin üzrxahlığından sonra matç davam etdirilib. 37-ci dəqiqədə isə Azərbaycan təmsilçisi 3-cü qolu vurub. Riçard Almeyda penaltini dəqiq yerinə yetirib.
İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqləniblər. 69-cu dəqiqədə Dani Kintana "Qarabağ"ın 4-cü topunu vurub. "Düdelanj" yalnız 90-cı dəqiqədə Antuan Bernyenin dəqiq zərbəsi ilə təsəlli tapa bilib.
A qrupunun digər oyununda "Sevilya" İspaniyada Kipr APOEL-ini minimal hesabla yenərək, xallarını 6-ya çatdırıb və vahid liderə çevrilib. "Qarabağ" isə "Düdelanj"la birgə hərəyə 3 xalla 2-3-cü yerləri bölüşür. Xalı olmayan APOEL isə qrup sonuncusudur.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu oktyabrın 24-də Bakıda APOEL-ə qarşı keçirəcək. "Sevilya" isə "Düdelanj"ı qəbul edəcək.
---------------
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
“Report” xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağı olacaq. “Jozi Bartel” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Azərbaycan çempionu ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.
“Düdelanj” ötən mövsüm ardıcıl 4-cü dəfə qızıl medallara sahib çıxmaqla 15 qat ölkə çempionu olub. Həmçinin ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla, bunu bacaran ilk Lüksemburq klub kimi ölkə futbolunun tarixinə düşüb. Hərçənd orada ilk 5 oyunu uduzduqdan sonra İspaniya “Betis”i ilə evdə qolsuz heç-heçə edib.
Lüksemburq təmsilçisi ötən mövsüm olduğu kimi, yenə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində mübarizəni dayandırıb. Komanda Maltanın “Valletta” kollektivini keçə bilməyib. Ancaq bundan sonra Avropa Liqasında “Şkendiya” (Makedoniya), “Nymme Kalyu” və “Ararat”ı (Ermənistan) üstələyərək, qrupa düşüb. “Düdelanj” avrokuboklarda artıq 5 oyundur evdə uduzmur – 2 qələbə, 3 bərabərlik. Özü də son 2-də qalib gəlib.
“Qarabağ” ötən mövsüm ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə Azərbaycan çempionu olub. Komanda davamlı şəkildə 5 dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazanıb. Hərçənd Ağdam təmsilçisi ötən mövsüm qrup mərhələsində 5 oyunda uduzub, yalnız “Vorskla”nı Ukraynada məğlub edə bilib (1:0).
Ağdamlılar da cari avrokubok mövsümünə ÇL-in I təsnifat mərhələsindən başlayıblar. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın “Partizani” (0:0, 2:0) və İrlandiyanın “Dandolk” (1:1, 3:0) kollektivlərini mübarizədən kənarlaşdırdıqdan sonra Kipr APOEL-i ilə bacarmayıb (2:1, 0:2). Buna rəğmən, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi “Linfild”i (2:3, 2:1) keçərək Avropa Liqasının qrupuna düşüb.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki statistikası bu cürdür: 3 qələbə, 1 heç-heçə və 8 məğlubiyyət. Ağdam təmsilçisi bütün hallarda ilk səfər matçında uduzub.
Bu komandalar 3 mövsüm öncə ÇL-in II təsnifat mərhələsində görüşüblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə Riçard Almeydanın dublu sayəsində 2:0 hesabı ilə qalib gəlib. Lüksemburqdakı görüşdə isə heç-heçə qeydə alınıb – 1:1. Azərbaycan çempionunun bərabərlik qoluna Reynaldo Silva imza atıb. “Qarabağ” və “Düdelanj” indiyədək rəqibin təmsil etdiyi ölkənin başqa komandaları ilə üz-üzə gəlməyiblər.
Komandalar cari mövsümdə milli çempionatlarında fərqli qrafik cızırlar. “Qarabağ” Premyer Liqada 6 oyunda 18 xal toplamaqla 100 faizlik nəticə ilə vahid liderdir. “Köhlən atlar” axırıncı turda “Sumqayıt”ı 2 cavabsız qolla üstələyiblər. “Düdelanj” isə 7 turdan sonra 7 xalla 8-ci sıradadır. Komanda son turda “Rosport”u 7:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, A qrupunun digər matçında “Sevilya” APOEL-i qəbul edəcəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, II tur
23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan) - 1:4
Qollar: Antuan Bernye, 90 - Abdullah Zubir, 11. Miçel, 30. Riçard Almeyda, 37 (pen.). Dani Kintana, 69
Qırmızı vərəqə: Mikael Qaros, 62 ("Düdelanj")
Baş hakim: Con Biton
Yan xətt hakimləri: Daniel Makfarlan və Duqlas Potter
Dördüncü hakim: Donald Robertson (hakimlər briqadası Şotlandiyadandır)
Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç)
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya)
“Jozi Bartel” stadionu