UEFA Avropa Liqasının qrup mərhələsinin Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" oyunu erməni təxribatı ilə əlaqədar 30-cu dəqiqədə müvəqqəti dayandırılıb.
Sportnet.az xəbər verir ki, buna səbəb matçın 30-cu dəqiqəsində "Qarabağ"ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağı gətirilməsi olub. Ağdam komandasının futbolçuları buna kəskin etirazlarını bildiriblər. Tribunada olan azərbaycanlı fanatlar da meydana girmək istəyiblər. Bu zaman "Qarabağ"ın kapitanı Rəşad Sadıqov tribunaya yaxınlaşaraq, azarkeşləri sakit olmağa səsləyib.
Lüksemburqun idman naziri isə "Qarabağ" rəsmilərinə yaxınlaşaraq üzrxahlığını çatdırıb. O, Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqlarını və günahkarların tapılaraq cəzalandırılacağını bildirib. Matç 15 dəqiqəlik fasilədən sonra davam etdirilib.