21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.
Sportnet.az xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan Bayramlı oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.
AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Tural Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib. 21 yaşlı hücumameylli yarımmüdafiəçi hazırda "Keşlə"nin formasını geyinir. Fransa və Azərbaycan yığmaları oktyabrın 10-da Kale şəhərindəki "Stade de l'Epopee"də Avropa çempionatının seçmə oyununda üz-üzə gələcəklər. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu Antonio Emanuel Karvalyu Nobrenin başçılığı altında portuqaliyalı hakimlər briqadası idarə edəcək.