
"Bu gün hamı bilir ki, “Qarabağ” digər klublardan üstündür. Futbolçularının keyfiyyəti, tutduqları yer bunu göstərir. Bu baxımdan “Qarabağ”dan hamı səviyyə fərqinə görə geridi. Digər klublar isə eyni səviyyədədi. Deyərdim ki, 7 klub Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra deyib. Komandasının qolunu vuran 24 yaşlı futbolçu verdiyi əsgər salamından da danışıb...
- Qələbə hesabını sona qədər qoruya bilməməyiniz nədən qaynaqlandı?
- Oyunun çətin keçəcəyini bilirdik. Vurduğum qol istəyirdim ki, bizə qələbə qazandırsın. Qismət belə imiş, gələn matçlarda qalib gələrik. Bir xal da pis nəticə sayılmamalıdır. “Qəbələ” ilə oyuna ciddi hazırlaşıb, üç xal götürməliyik.
- Vurduğunuz qoldan sonra əsgər salamı verdiniz. Bunu Türkiyə ordusuna dəstək üçün etdiniz?
- Biz Azərbaycan türküyük. Türkiyə ordusu hazırda əməliyyatdadır. Həm onlara görə belə etdim, həm də öz əsgərlərimiz var, cəbhə xəttində bizi qoruyurlar. Onları da düşündüm və yaxın dostum əsgərdir. Bütün əsgərlər üçün hərbi salam verdim. Allah hamısını qorusun!
- Çoxlu qol şansları qaçırdınız. Bir xala razı olmağınız qəribə gəlir...
- Oyunu analiz etməyə vaxtımız olacaq. Bizm də, “Sabah”ın da epizodları var idi. Bir az ustalığı artırsaydıq, ikincini vura bilərdik. Ruslan Qurbanovla Sezar Meza Kollinin zədəsi var idi. Həftə ərzində qrip ola-ola məşq eləmişəm. Bu gün oynamaq mənim üçün də ağır idi. Bir xal da pis deyil. Son saniyələrdə qol buraxmağımız üzücü gəlir.
- Növbəti rəqibiniz “Qəbələ” bu gün “Qarabağ”ı büdrətdi...
- “Qəbələ” mübariz komandadır. Narahat deyilik. Öz oyunumuzu göstərib, 3 xal qazanmağa çalışacağıq.