Azərbaycan Premyer Liqasında ötən turun ən biabırçı mənzərəsi “Keşlə” - “Sabah” oyununda yaşandı. “Sabah”ın və Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə matçın sonunda baş hakim Kamal Umudlunun üzərinə hücum çəkdi. Komanda yoldaşları heç cür Xəlilzadəni sakitləşdirə bilmədilər. Yekunda polislər futbolçunu meydandan uzaqlaşdırdılar.
Yaşanan insidentin videosunu izləyərkən heyrətə gəlməmək qeyri-mümkündür. Futbol adına biabırçı görüntüdür. Bu hərəkəti edənin milli üzvü olması isə daha acınacaqlıdır.
Gözləmək olardı ki, oyundan sonra futbolçu məsələyə aydınlıq gətirəcək, o cür özündən çıxmasının səbəbini açıqlayacaq. Axı referi futbolçuya nə deyib və yaxud nə baş verib ki, Xəlilzadə Umudlunun üzərinə elə hücum çəkib. Lakin matçdan sonra hər hansı açıqlamaya rast gəlinmədi. Yalnız bazar ertəsi Xəlilzadə Instagram hesabından yaşanan biabırçılığa aydınlıq gətirdi. O bildirdi ki, əslində, hakimə normal tərzdə fikirlərini çatdırmaq istəyib: “Ola bilər, bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim”.
“Ola bilər, bir az emosional alındı”dan sonra adam deməyə söz tapmır. Təmkinin “bir az”ı budursa, Allah çoxundan saxlasın.
Qəribə olan məqam “Sabah”ın bu hadisəyə reaksiyası, əslində isə reaksiyasızlığıdır. Oyunun ertəsi bazar gününə təsadüf etdiyindən, düşünmək olardı ki, “Sabah” rəsmi şəkildə hadisəyə həftənin ilk iş günü reaksiya verəcək. Ən azı futbolçunun hərəkətinin qınanılacağı, yaxud cəzalanacağı barədə hər hansı açıqlama yayılacaq. Lakin geridə qalan günlər ərzində xoşagəlməz olayla bağlı “Sabah”ın rəsmi saytında bir cümlə belə yoxdur. Sanki heç belə bir hadisə yaşanmayıb. Ya da Təmkin Xəlilzadə “Sabah”ın futbolçusu deyil.
Yalnız bazar ertəsi klubdan mətbuata verilən qısa açıqlamada bildirilmişdi ki, “məsələ araşdırılır”. Maraqlıdır, nəyi araşdırırlar? Futbolçunun hərəkəti göz önündədir. Burada araşdırılmalı nə var ki?
Belə məlum olur ki, “Sabah”ın sponsorları, rəhbərliyi çox təmkinli insanlardır. Hər tur komanda geri addımlayır, amma hər hansı radikal dəyişiklik görmürük. Geridə qalan 8 turda komandanın biabırçı çıxışı bir yana, son insident göstərdi ki, klubda nizam-intizam da yoxdur. Əks halda, bir futbolçu niyə hakimin üzərinə o cür hücum çəksin ki?!
Nizam-intizam olmayan yerdə isə hər hansı uğurdan söhbət gedə bilməz. Klub rəsmilərinin başı məşqçi axtarışına, yaxud sponsorlara göyə sovrulan milyonlara görə veriləcək hesabata necə qarışıbsa, bu biabırçılığı görməzlikdən gəlirlər (futbolxeber.az).