"Bakı” klubunun prezidenti Hafiz Məmmədov İngiltərənin II divizionundan çıxış edən "Şeffild Uensdey”in səhmlərini almağa yaxındır. Sportnet.az L Equip-ə istinadən xəbər verir ki, Fransada "Lans”ın sahibi olan Məmmədov indi əsas diqqətini "Dumanlı Albion” təmsilçisinin dirçəlməsinə yönəldəcək.
"Lans” isə kəmərini sıxmalı olacaq. Çünki azərbaycanlı iş adamı "Şeffild Uensdey”ə yiyə çıxmaq üçün 50 milyon avrosundan keçməli olacaq. Artıq İngiltərə təmsilçisinin sahibi Milan Mandariç öz qiymətini səsləndirib və sövdələşmənin baş tutacağı olduqca inandırıcı görünür. Bəzi mətbu orqanlar anlaşmanın ötən bazar günü imzalandığını da iddia edirlər. Lakin rəsmi səviyyədə tərəflərdən heç biri açıqlama verməyib.
Fransa nəşri yazır ki, Məmmədov bu ildən Fransa elitasında mübarizə aparacaq "Lans”a lazımı sərmayə ayıra bilməyəcək və əsas diqqətini "Şeffild Uensdey”ə yönəldəcək: "Artıq "Lans”ın prezidenti Jerve Martel təcili yeni sərmayəçilər axtarmalıdır. Əks təqdirdə, növbəti mövsüm "Lans” yenidən aşağı diviziona yuvarlanmağa əsas namizədlərdən olacaq".
Qeyd edək ki, "Şeffild Uensdey” ötən mövsüm İngiltərənin II divizionunu 16-cı pillədə başa vurub.