“İlk hissədə istədiyimiz kimi oynamadıq. Birinci yarıda sərgilədiyimiz oyundan razı qalmadım. Fasilədə uşaqlara dedim ki, indi hamı sübut etməlidir ki, həqiqətən oynamaq istəyir".
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Jelko Sopiç "Ağsu"ya 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final matçından sonra deyib. Xorvatiyalı mütəxəssis hesabı normal qəbul etdiyini bildirib: "Bu gün gənclərə də şans verdim. Onlara liderlik etməsi üçün Kərim Diniyev və Məhəmməd Mirzəbəyovu da oynatdım. Hava çox soyuq idi, belə havada oynamaq çətindir. Hansı hesabla qalib gəlməyimiz mənim üçün önəmli deyil".
Sopiç "Qəbələ" ilə keçirəcəkləri 1/4 final oyunları barədə də danışıb: "Bu qarşılaşma fərqli olacaq. Bu gün daha çox gənclərə şans verdik. “Qəbələ” ilə iki görüşümüz olacaq. Həmin oyunlarda ideal heyətə üstünlük verəcəyik”.
Qeyd edək ki, "Sabah" və "Qəbələ" arasında ilk oyun dekabrın 15-də, cavab görüşü isə dekabrın 19-da baş tutacaq.