İspaniya "Barselona"sının futbolçusu Lionel Messi daha bir göstərici ilə diqqət çəkib.
Sportnet.az-ın məlumatına görə, argentinalı hücumçu La Liqanın XVI turunda "Malyorka"nı 5:2 hesabı ilə yendikləri görüşdə 3 dəfə fərqlənərək, qollarının sayını 12-yə çatdırıb. Bununla da Messi son 14 mövsümün hər birində ən azı 10 qol vuran ilk futbolçu kimi "Böyük Beşlik" çempionatları tarixinə düşüb.
Onun nailiyyətini hazırda İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldu təkrarlaya bilər. Portuqaliyalı forvardın seriyası ötən 13 mövsümdə 10-dan çox topa bərabərdir. Cari mövsümdə 34 yaşlı hücumçunun aktivində 7 qol var.
Qeyd edək ki, Lionel Messi bu həftə karyerasında 6-cı dəfə "Qızıl top"a sahib olub və rekorda imza atıb.