"Qəbələ" futbol komandası qış fasiləsində ilk yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda I Divizion təmsilçisi MOİK-lə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşma "Qəbələ"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
27-ci dəqiqədə Fernan Lopes, 65-ci dəqiqədə Klesio Bauk, 86 və 88-ci dəqiqələrdə isə Rövlan Muradov fərqlənib.
Qeyd edək ki, bu, Azərbaycanda 2020-ci ilin ilk yoxlama matçı olub. “Qəbələ” yanvarın 12-də Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara bölgəsindəki “Trend” otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək 2 həftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı baş tutacaq. Yanvarın 14-də “qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə görüşəcək. Dörd gün sonra baş tutacaq ikinci oyunda rəqib Rusiya təmsilçisi “Çayka” olacaq. Ayın 22-də Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək komanda yanvarın 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.