"Mən "Neftçi"ni çoxdan tanıyırdım. Bilirdim ki, Azərbaycanda hamıdan əvvəl - 1937-ci ildə yaranmış klubudur. Baş tutan bu keçidə çox sevindim. Çox maraqlı idim ki, bura gəlim. Çox sevinirəm ki, həm Azərbaycanda çıxış edirəm, həm də "Neftçi"də".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin İranın "Maşinsazi" klubundan transfer etdiyi Saman Nəriman Cahan klubun televiziyasına açıqlamasında deyib.
Təbriz komandasından gələn cənubi azərbaycanlı pleymeyker öncədən tanıdığı şəxslərin də adlarını çəkib: "Bilirdim ki, idman direktoru Ceyhun Sultanov və köməkçi-məşqçi Füzuli Məmmədov İranda oynayıblar. Bunu da bildirdilər. Komandamın məşqçilərindən biri mənə dedi ki, onlar çox yaxşı insanlardır, klub da çox yaxşıdır. Özüm Azərbaycanı tanıyırdım, yaxından məlumat almaq üçün burada çıxış edən iranlı futbolçular Peyman Babayi ilə Mehdi Şərifidən soruşdum. Onlar da təriflədilər və Azərbaycanla bağlı yaxşı sözlər dedilər. Novruz bayramında da burada idim, özüm bütün bunları yaxşı bilirəm. Bura gəlməyimə çox sevinirəm. Yaxşı haldır ki, bu iş alındı. İnanıram ki, həm özüm, həm də "Neftçi" üçün uğurlu il alınacaq".
28 yaşlı yarımmüdafiəçi bildirib ki, məqsəd çempionluqdur. Onun fikrincə, hədəfə yaxşı hazırlıq keçməklə və bütün komandanın birgə əməyi sayəsində nail oluna bilər. Daha sonra Cahan Çempionlar Liqasında yaxşı oynamaq, ondan istənilən oyunu sərgiləmək niyyətində olduğunu diqqətə çatdırıb.
Yeni transfer komandada yaxşı qarşılandığını da vurğulayıb: "Hamı - futbolçular, məşqçilər və klubun digər əməkdaşları mənə isti münasibət göstərdilər. Buna çox sevinirəm. Belə xoş münasibət məni ürəkləndirdi. Bu, ona yönəlib ki, burada qəribçilik hiss etməyim. Düzdür, qərib deyiləm, mən də türkəm, buradakılar da. Çox sevinirəm ki, məmləkətimdə çıxş edir, öz dilimdə danışıram. Mən də bu yaxşılıqların cavabını oyunumla verərəm".
Qeyd edək ki, Saman Nəriman Cahanla 1,5 illik müqavilə bağlanılıb.