"Bu matçda əsasən gənc futbolçulara şans verdik. Oyunun əvvəlindən sonuna kimi müxtəlif taktiki gedişləri sınaqdan keçirdik. Marko Deviç, Rəşad Eyubov və Məhəmməd Mirzəbəyov 90 dəqiqə meydanda oldular. Şadam ki, oyunu zədəsiz başa vurduq. Bu matçda qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Ancaq yoxlama oyunlarında nəticə vacib deyil”.
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Jelko Sopiç Türkiyənin Antalya bölgəsində Rusiya "Spartak"ının əvəzedici komandası ilə 2:2 hesablı heç-heçə etdikləri son yoxlama oyunundan sonra deyib.
Xorvatiyalı mütəxəssis toplanış barədə də fikirlərini bildirib: “14 günlük Antalya toplanışından tam razı qaldım. Burda olduğumuz müddətdə hava şəraiti çox yaxşı oldu. Toplanışda planlaşdırdığımız hər şeyi həyata keçirə bildik. Futbolçularımız yaxşı hazırlıq keçdilər və onlardan tələb olunanı tam yerinə yetirdilər. Fikrimcə, bu hazırlıq müddətinin komandaya çox xeyri dəyəcək”.
Antalya toplanışında əsas komandaya bir neçə gənc futbolçu da qoşulmuşdu. Türkiyədəki hazırlıqda çempionatdakı gənc futbolçu limitinə uyğun 10 gənc futbolçu iştirak etib. Sopiç gənc futbolçuların çıxışından razı qaldığını bildirib: “Sevinirəm ki, yoxlama oyunlarında onların hər birinə şans verə bildik. Fikrimcə, onlar bu şansdan yaxşı yararlandılar. Ceyhun Nuriyev yoxlama oyunlarında 2 qol vurdu. Şans qazandığı qarşılaşmalarda yaxşı oynadı. Ancaq digər gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Onlar gələcəkdə də “Sabah”ın əsas komandasında şans qazana bilərlər. Bu cür gənc oyunçulara sahib olduğumuz üçün şadam”.
Sopiç sonda çempionatın ikinci yarısına olan gözləntiləri barədə danışıb: “Hazırda Cavid İmamverdiyevin və Amadu Diallonun kiçik zədəsi var. Lakin onların çempionatın ikinci yarısının startına kimi tam hazır olmaq üçün kifayət qədər vaxtları var. Həmin vaxta kimi biz var qüvvəmizlə hazırlaşmalıyıq. Düşünürəm ki, ilk oyuna kimi tam hazır olacağıq. İnanıram ki, çempionatın ikinci yarısında daha yaxşı futbol sərgiləcəyəcək və liqada daha yaxşı pillədə qərarlaşacağıq”.
Qeyd edək ki, "Sabah" Azərbaycan Premyer Liqasının XV tur matçında "Zirə"nin qonağı olacaq. Görüş fevralın 1-də keçiriləcək.