"Səbail" futbol komandasının baş məşqçisi Aftandil Hacıyev "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında qələbə qazana bilməməyinizin səbəbi nədir?
- Yanvarın 12-dən Türkiyədəyik. Nəzərdə tutduğumuz 4 yoxlama oyunundan 3-ü artıq geridə qalıb. Qazaxıstanın "Jetisu" klubuna 0:1, Ukraynanın "Olimpik" (Donetsk) komandasına isə 1:3 hesabı ilə məğlub olan "Səbail" Rumıniya "Voluntari"si ilə heç-heçə edib - 2:2. Bura gələndə futbolçuların hazırlıq səviyyəsi istədiyimiz kimi deyildi. Amma getdikcə yaxşılaşır. Oyunlarda da bunun şahidi oluruq. İlk iki oyunda futbolçular bir hissə çıxış etmişdilər. Üçüncü matçda bəzilərinə 60-70 dəqiqə şans verməklə, fiziki hazırlıqlarını daha da yaxşılaşdırmağı üstün tutduq. "Voluntari"yə qarşı çıxışımız ürəkaçan idi. Hər hissədə rəqibdən üstün oyun sərgilədik. Belə davam etsək, futbolçular daha yaxşı forma yığa bilərlər.
- Yoxlama oyunları da olsa, komanda üç 3 matçda 6 top buraxıb...
- Hər qarşılaşmada çoxlu qol epizodları yaratmağımız bizi sevindirirsə, toplar buraxmağımız bir o qədər məyus edir. Bunun üzərində daha çox çalışmalıyıq. Buraxdığımız qollar müdafiədəki fərdi səhvlərdən sonra olur. Bunu məşq edərək aradan qaldırmağı düşünürük. Son oyunumuz Polşa “Korona”sına qarşı olacaq. Rəqiblərimiz öz ölkələrinin yaxşı komandalarıdır. Bu matçda da oyunçularımız bacarıqlarını ortaya qoymalıdırlar ki, mövsümün ikinci yarısına yaxşı başlayaq.
- Komandanın yeni transferləri barədə nə deyə bilərsiniz?
- Çalışırıq ki, büdcəmizə uyğun hərəkət edək. Bizdə hansı mövqedə boşluqlar varsa, həmin yerə oyunçu dəvət etmişik. Rəqabəti artırmaq istəsək də, gedənlərin yeri hələ dolmur. Say baxımından futbolçulara ehtiyac var. Rəsmi oyunlarda necə təsir bağışladıqlarını birlikdə görəcəyik.
- Mövsümün əvvəlindən "Səbail"də maliyyə problemlərinin olduğu deyilir. Amma qış fasiləsində transfer fəaliyyətində aktiv görünürsünüz. Yerlilərlə yanaşı, komandaya əcnəbi futbolçular da cəlb olunub. Klubda maliyyə vəziyyəti düzəlib?
- Düzdür, dəvət etdiyimiz oyunçuların içərisində əcnəbilər də var, amma onların maliyyə xərcləri yüksək deyil. Hendrik Ekşteyn boşda olan oyunçu idi. Bu vaxta kimi istədiyi kluba keçə bilməmişdi. Bizə münasib qiymətə gəldi. Peyman Keşavarz isə 1,5 ildir futbol oynamır. Bütün bunlar onu deməyə əsas verir ki, hər ikisi yüksək ödənişli futbolçular deyil.
- Keşavarz oynamasa da yəqin ki, məşqlərdə ondan razı qalıb müqavilə imzalamısınız?
- Biz şərtlərə görə addım atırıq. Peymanda bəzi keyfiyyətlər var ki, onlar bizi razı saldı. Amma çox çalışmalıdır. Çempionatımızdakı komandalar güclüdür. Bu, onun üçün yeni çempionatdır. Ən mənfi cəhəti odur ki, 1,5 ildir futbol oynamır.
- Transferlər yekunlaşıb, yoxsa "Səbail" hələ də oyunçu axtarır?
- Əlbəttə, istəyirik. Say olaraq hazırda istədiyimiz qədər oyunçu yığa bilməmişik. Yaydan sonra komandanı xeyli futbolçu tərk edib. Belə halda yenidən oyunu tapmaq, yeni futbolçularla çalışmaq kimi məsələlər bizə çətinlik yaradır. Ancaq sayı doldurmaq üçün də futbolçu cəlb etmək niyyətimiz yoxdur. İstədiyimiz şərtlərə uyğun oyunçu tapa bilməsək, bunlarla da yola davam edəcəyik.
- Hazırda baxışda olan kimsə varmı?
- Hazırda yoxdur. Lakin bizə müxtəlif təkliflər olur. Sadəcə, şərtlərimizlə razılaşmaq çətindir. Say dolsun deyə, kluba futbolçu gətirmək istəmirəm. İstəyirəm ki, bizdəki gənclər daha çox şans qazansınlar. Onların da qarşısını almaq istəmirəm. 5 futbolçumuz - Ədilxan Qarəhmədov, Ruslan Hacıyev, Murad Qayalı, Turan Manafov və Əli Sadıxov 21 yaş limitə düşür. Bunlardan da istifadə etmək niyyətindəyik.
- Mövsümün ikinci yarısında "Səbail"dən nə gözləmək olar?
- Çempionatımızdakı durum elədir ki, hər bir komanda sonadək mübarizə aparacaq. Turnir cədvəli baxımından heç bir rahatlıq yoxdur. Bizə nə qədər çətin olsa da, digərləri kimi bu mübarizədən kənarda qalmayacağıq. Çalışacağıq ki, mövqeyimizi yaxşılaşdıraq.