Türkiyə Super Liqasında XX turun "Trabzonspor" - "Fənərbağça" matçından sonra ara qarışıb.
Sportnet.az-ın məlumatına görə, baş hakim Ali Payabıyıkın final fitinin ardından qonaq komandanın yarımmüdafiəçisi Emre Belözoğlu və yerli oyunçular arasında gərginlik yaşanıb. Emrenin kobud oyunundan sonra Palabıyık ona sarı, Luis Qustavo Diasa isə etirazı ilə əlaqədar ikinci sarının ardından qırmızı vərəqə göstərib. Görüş bitən kimi bu epizodun gərginliyi davam etdirilib. Nəticədə iki komandanın futbolçuları üz-üzə gəlib.
Belözoğlu və komanda yoldaşı Ozan Tufan əsəblərinə hakim ola bilməyib. "Trabzonspor"da isə Con Obi Mikel çətinliklə sakitləşdirilib. "Fənər"li oyunçular hakimə etirazlarını davam etdirdikləri vaxt "bordo-mavilər" 2:1 hesablı qələbəni qeyd ediblər.
Qeyd edək ki, hesabı 1-ci dəqiqədə "Fənərbağça"nın almaniyalı hücumçusu Maks Kruze açıb. Lakin "Trabzonspor"dan Aleksander Sörlot 15-ci dəqiqədə bərabərlik, 32-ci dəqiqədə isə Filip Novak qələbə topunu vurub.