"Görüş komandamızın istədiyi formada keçdi və qələbə qazandıq. Həm buna görə, həm də sonlara doğru oyuna girərək fərqləndiyim üçün çox sevinirəm".
Sportnet.az-ın məlumatına görə, bunu yenidən "Neftçi"yə qayıdan futbolçu Mirabdulla Abbasov evdə "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib. 25 yaşlı hücumçu əvvəlki formasını bərpa etməyə başladığını bildirib: "Uzun müddət meydanlardan kənarda qalsam da, məşq edirəm. Oyunlarda isə meydana ikinci hissənin sonlarında daxil oluram. Son matçlarda çıxış etməyə başlamışam. Əsas heyətdə yer almamağım baş məşqçi Füzuli Məmmədovun qərarıdır, hörmətlə yanaşıram. Əsas heyətdə yer alsam da, sonradan daxil olsam da komandamın uğuru üçün əlimdən gələni edəcəyəm".
Forvard martın 8-də keçiriləcək "Keşlə" - "Qarabağ" qarşılaşmasında hər iki komandanın xal itirməsini istədiklərini diqqətə çatdırıb: "Siz özünüz öz sualınıza cavab verdiniz (gülür). Əlbəttə, istərdik ki, həm önümüzdəki "Qarabağ"a yaxınlaşaq, həm də ən yaxın izləyicimizdən uzaqlaşaq. Bunun üçün hər iki komanda xal itirməlidir. Amma "Qarabağ"ın uduzması bizə daha çox sərfəlidir. Çünki liderlə xal fərqimiz daha da azalacaq və çempionluq üçün daha çox şansımız yaranacaq".
O, növbəti turda "Zirə" ilə oynayacaqları qarşılaşmaya da maksimum nəticə üçün çıxacaqlarını söyləyib: "Başqa seçimimiz yoxdur. Çempion olmaq istəyiriksə, hər oyundan qalib ayrılmalıyıq. Bunun üçün əlimizdən gələni edəcəyik".
Abbasov yenidən Azərbaycan millisində çıxış etmək niyyətində olduğunu da dilə gətirib: "Hər bir futbolçu kimi, mən də yığmada yer almaq istərdim. Elə bir oyun göstərməyə çalışacağam ki, yenidən milliyə dəvət alım. Hazırda baş məşqçi postu boşdur. Komandaya yaxşı mütəxəssis lazımdır. Bu postu tutmaq üçün yerli baş məşqçilər də var. Mənim işim deyil, kimi qoysalar, onun etimadını qazanmağa və öz oyunumla milliyə kömək etməyə çalışacağam".
Yığmanın UEFA Millərlər Liqasında düşdüyü qrupu da dəyərləndirən oyunçu komanda üzvlərinin gücünə bələd olduğunu vurğulayıb. Onun fikrincə, C Liqasında Monteneqro, Kipr və Lüksemburqla mübarizədə 1-ci qrupu qalib kimi başa vuraraq, mərhələ adlamaq olar.
Qeyd edək ki, "Sabah"la qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olmuş Mirabdulla Abbasov 90+1-ci dəqiqədə "Neftçi"nin sonuncu qolunu vurub.