"Hər iki komanda oyuna ciddi hazırlaşmışdı. Matçı iki hissəyə bölərdim. İlk yarıda təşəbbüsə sahib olduq. Fasilədən sonra rəqib təşəbbüsü ələ keçirdi. Oyundan razıyam, hesabdan yox".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XX turunda evdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları görüşdən sonra mətbuat konfransında deyib.
Hacıyev məğlubiyyətin səbəbini belə izah edib: "Rəqib praktiki olaraq, bütün qol şanslarından istifadə etdi. Hər oyunu yüksək səviyyədə keçirmək mümkün deyil. Fasiləyədək epizodlarımızı gerçəkləşdirə bilsəydik, ikinci 45 dəqiqə fərqli bir istiqamətdə keçərdi. Elçin Rəhimli ilk hissədə yaxşı oynadı. Onu gec əvəzlədiyimi düşünmürəm".
39 yaşlı mütəxəssis Avropa Liqasına çıxmaq vəzifəsinin qarşılarında durmadığını bir daha bəyan edib. Lakin o, sona qədər mübarizə aparacaqlarını vurğulayıb.