Çinin "Çendu Better Siti" klubunun baş məşqçisi Karlos Qranero yerli mətbuata müsahibə verib. "Qarabağ"ın sabiq futbolçusu Dani Kintananın yeni komandasına rəhbərlk edən ispaniyalı mütəxəssis koronavirus pandemiyası ilə bağlı fikirlərini bölüşüb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Hazırda haradasınız?
- Çində koronavirus böhranı başlayanda klub rəhbərliyi komandanı ölkədən çıxara bildi. Fevralda Taylandın paytaxtı Banqkokda olduq. Hazırda isə Çinin cənubundakı Yunnan əyalətində məskunlaşmışıq.
- Orada həyat necədir?
- Həftələr ötdükcə vəziyyətin yaxşılaşdığının şahidi oluruq. 15 gündür Kunmin şəhərindəyik. Taylanddan yeni qayıdanda buradan çıxa bilmirdik. Yalnız biz təcrid olunmuşduq. Hər dəfə yeməkxanaya girəndə hərarətimizi ölçürdülər. Hər yerdə maska ilə gəzirdik. Hara gedirdiksə, əl üçün gellərdən istifadə edirdik.
- Necə təcrid olunmuşdunuz?
- Heç kimlə qaynayıb-qarışa bilmirdik. Burada daha 2 komanda var idi. Yeməkxanada onların heç biri ilə qarşılaşmırdıq. Bir-birimizlə ara məsafəsi saxlayırdıq. Biz idman zalında işimizi qurtardıqdan sonra gəlib oranı dezinfeksiya edirdilər. Ardınca isə digər komanda zala daxil olurdu. Amma bütün bunlar ilk günlərdə olurdu.
- İndi vəziyyət yaxşılaşıb?
- Onu deyə bilərəm ki, artıq burada daha çox komanda var. Məhdudiyyətlər aradan qaldırılır. Ötən həftə böhrandan sonra ilk dəfə məşqçilər heyətindən icazə alıb restorana getdim.
- Mağazalar açıqdır?
- İndi mağazalar, restoranlar, ticarət mərkəzləri işləyir. Vəziyyət normala qayıdır. Yaxın müddətdə yerli liqalar start götürəcək.
- Çinlilər koronavirusa qalib gəlmək üçün hansı tədbirləri gördülər?
- Çin hökuməti virusun ortaya çıxdığı Hubey əyalətini karantin altına aldı. İspaniyada olduğu kimi, fövqəladə vəziyyət elan olundu. Demək olar, hər şeyə məhdudiyyət qoyuldu. İnsanlar işə də gedə bilmirdilər. Hər yer bağlanmışdı. Yerli əhali 1 ay müddətində karantin rejiminə ciddi əməl etdi.
- Çinlilər bu məsələdə daha intizamlıdırlar...
- Onlar bu mənada əsl nümunədirlər. Çinliyə "evdən çıxma" desəniz, o, mütləq buna əməl edəcək. Ailədən yalnız bir nəfər hər 2 gündən bir alış-veriş etmək üçün bayıra çıxırdı. Çünki onlar vəziyyətin ciddiliyinin fərqində idilər. Hər binanın, həyət evlərinin yaxınlığında, küçələrdə polis postları qurulmuşdu. Çinlilər bu məsələdə çox intizamlı davrandılar və bəhrəsini gördülər.
- Bəs İspaniyada?
- İspanların bu cür məsələlərə ciddi yanaşması çətindir. Biz hər şeyə gülürük. Hətta virusu belə lağa qoyur, ona heç vaxt yoluxmayacağımızı düşünürük. Çinlilərin fərdi və komanda şəkilində intizamlılığı bizdən daha yaxşıdır. Bura siyasətçilərin qərarlarını da əlavə etsək, bu, əsl partlayıcı kokteyldir.
- İlk gündən Çin hökumətindən dəqiq məlumat ala bilirdiniz?
- Karantin rejiminə baxmayaraq, baş verənlər barədə gündəlik məlumat olurdu. Çinin müxtəlif bölgələrindən olan komanda yoldaşlarım var. Burada sosial şəbəkələr fəaliyyət göstərir. Hətta Uhandan olan komanda yoldaşım var. O, bizə hər şeyi danışır. Bir sözlə, həm İspaniyada, həm də Çində baş verənlərdən xəbər tuta bilirik.
- İspan xalqına nə demək istərdiniz?
- Hər kəsin - dostlarımın, ailəmin tələblərə əməl edəcəklərini gözləyirəm. Təəssüf ki, İspaniyada hələ heç kimin üzərinə məsuliyyət götürdüyünü görmürəm.