
Musayevin sözlərinə görə, iyulun sonlarında keçiriləcək püşkatma zamanı hər iki klubun mövqeyi öyrəniləcək. Həm "Qarabağ", həm də "Neftçi"nin planlarına uyğun olsa, oyun Premyer Liqanın start götürəcəyi avqustun 9-dan öncə baş tutacaq. Əks halda, qarşılaşma irəli tarixlərdə oynanılacaq. PFL prezidenti təşkilati baxımdan oyuna tam hazır olduqlarını əlavə edib: "Mənim kubokum da, medallarım da hazırdır. Qalır oyunun tarixi".
Qarşılaşmanın keçirilmə məkanına gəldikdə, Musayev mümkün variant kimi Qəbələ şəhər stadionunu nişan verib: "Bu arena Superkubok qarşılaşmasına tam hazırdır. Ola bilsin, matçı yenə paytaxtdan kənarda təşkil etdik".
Qeyd edək ki, ötən mövsüm "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasındakı Superkubok oyunu 2013-cü il oktyabrın 23-də Naxçıvanda baş tutub. Görüş Lənkəran komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.