
Rusiyanı qitəmiqyaslı yarışlarda təmsil edəcək bütün komandaların adları bəlli olub.
Sportnet.az-ın məlumatına görə, çempion və ölkə kubokunun qalibi "Zenit" və gümüş mükafatçı "Lokomotiv" Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək. Püşkatma zamanı Sankt-Peterburq təmsilçisi birinci, paytaxt klubu üçüncü və ya dördüncü səbətə düşəcək. Bürünc medal qazanmış "Krasnodar" isə mübarizəyə III təsnifat mərhələsindən başlayacaq.
Dördüncü yerin sahibi MOİK birbaşa Avropa Liqasının qrup mərhələsində yer alacaq. Beşinci yeri tutmuş "Rostov" üçüncü təsnifat mərhələsindən başlayacaq. Son vəsiqəni isə Rusiya Kubokunun finalında "Zenit"in "Ximki"ni 1:0 hesabı ilə yenməsi səbəbindən 6-cı yerin sahibi Moskva "Dinamo"su əldə edib. Paytaxt klubu yoluna Avropa Liqasının II təsnifat mərhələsindən başlayacaq.