"Qarabağ”ın Premyer Liqadakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Sportnet.az-ın PFL-ın rəsmi saytına istinadən məlumatına görə, texniki nəticə nəzərə alınmasa, cari mövsüm ilk dəfə meydanı başıaşağı tərk edən Ağdam təmsilçisinin yeganə məğlubiyyəti məhz texniki nəticədən ibarət idi.
"Sumqayıt”la ilk turdakı yenilgini (-:+) nəzərə almasaq, Qurban Qurbanovun yetirmələri sonuncu dəfə ötən mövsümün 36-cı turunda uduzmuşdu. Mayın 17-də səfərdə "Xəzər Lənkəran”a 1:2 hesabı ilə məğlub olan "Qarabağ” 211 gündən sonra "Qəbələ” ilə qarşılaşmada (1:2) meydandan xalsız ayrılıb. Bu müddətdə texniki nəticəsiz 12 görüş baş tutub.
"Qəbələ”yə məğlubiyyət "Qarabağ”ın Azərbaycan çempionatlarında səfərdə uduzduğu 100-cü matçdır. Rəqib meydanlarında 314-cü oyunda 100-cü dəfə xalsız qalan komanda "Turan” (139) və MOİK-dən (103) sonra səfərdə daha çox uduzan 3-cü komandadır.
"Qəbələ” ilə görüş Cavid Tağıyev üçün də əlamətdar olub. Cari mövsüm 11-ci oyununa çıxan yarımmüdafiəçi Premyer Liqada 100-ə çatıb. O, "Turan”da 37 oyunda 3 qol vurub: 2008/09 – 2, 2009/10 – 4 (1), 2010/11 – 16 (1), 2011/12 – 15 (1). Cavid AZAL-da 52 oyuna 6 qol vurub: 2012/13 – 26 (5), 2013/14 – 26 (1). 2014/15 mövsümündən "Qarabağ”da çıxış edən Tağıyev nu klubdakı 11 mattçda 1 dəfə fərqlənməklə, oyun sayını 100-ə, qol hesabını 10-a çatdırıb.