
"Açığı, oyuna nəzarət bizdə olduğundan, xüsusən, matça yaxşı başlayaraq, qol vəziyyətlərini yaratdıqda həftəsonu keçirəcəyimiz matçları düşündüklərini ola bilər. Amma futbolçularımdan məmnunam. Mərhələni təmin edəcək oyun ortaya qoydular. Mübarizədən məmnunam".
Sportnet.az-ın məlumatına görə, bunu Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim Bakıda "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunundan sonra deyib. 57 yaşlı mütəxəssis bildirib ki, start heyəti qurarkən, 4 aparıcı oyunçunun ehtiyatda qalmasını məqsədəuyğun sayıblar: "Bu gün rotasiya düzgün oldu. Məqsəd bu gün turu keçib evə getmək idi. Qəza-bəlasız matç oldu, heç kim zədə almadı. Səhərə yaxın İstanbula çatacağıq. Dərhal bir məşq edəcəyik və daha sonra həftəsonu keçirəcəyimiz matç üçün təlim-məşq toplanışına başlayacağıq".
Terim "Neftçi" və Azərbaycan barədə də fikirlərini bölüşüb: "Neftçi" bizə yüksək templə cavab verdi. İkinci hissənin əvvəlində buraxdığımız qol bizi yuxudan oyandırdı. Bizim yenməmiz sürpriz deyil. Amma qarşımızda dişli və bacarıqlı komanda gördük. Azərbaycanın qonaqpərvərliyinə görə çox təşəkkür edirəm. Hər dəfə bizi lazımınca qarşılayırlar. Qardaş Azərbaycandan qardaşca ayrılırıq. Onlar bizim zatən qardaşımız, candaşımızdır. Bu gün mənim baş məşqçi kimi 500-cü matçımdır. Bunu kəlmə ilə anlatmaq mümkün deyil. Yaxşı ki, həyatımda "Qalatasaray" var. Avropada 100-cü qələbəmizi də qazandıq. Bunlar asanlıqla əldə olunacaq bir şey deyil".