Topaz Premyer Liqasının XVII turuda "Bakı"nın qonağı olan AZAL rəqibini 3:1 hesabı ilə məğlub edib. Sportnet.az-ın PFL-ın rəsmi saytına istinadən məlumatına görə, "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov qələbəyə belə şərh verib:
"Komanda bundan öncəki turda çıxış etmədi. Müəyyən fasilə vardı. Yoxlama görüşü keçirə bilməsək də, futbolçularla söhbət etmişdim. Biz qələbə qazanmaqla ailəsində problem olan klubun vitse-prezidenti Fikrət Hüseynova dəstək nümayiş etdirdik. Həmişə demişəm - komanda öz oyununu irəliləyən vaxtlarda tapacaq. "Bakı” ilə matçda futbolçular biz istədiyimiz kimi mübarizə apardılar. Qələbə çox vacib idi. 3 xal qazanmaqla yanaşı, turnir cədvəlindəki yerimizi yaxşılaşdırdıq. Ümumiyyətlə, ev oyunlarında xallar itirməsəydik, daha yaxşı pillələrdə olardıq. Həmin xal itkiləri məni hələ də təəssüfləndirir. Qarşıda bizi "Xəzər Lənkəran”la oyun gözləyir. Heyətdə zədəli oyunçuların olması bizi qayğılandırır. Amma meydançaya çıxan futbolçular sübut etdilər ki, onlar da əsas heyətdə mübarizə aparmağa layiqdirlər”.