
"Qarabağ" komandası UEFA Avropa Liqasında pley-off oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Polşada "Legiya"nın qonağı olub. Varşavadakı "Wojska Polskiego" stadionunda təşkil olunmuş qarşılaşma Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Baş məşqçi Qurban Qurbanov start heyətində zədəsini yenicə sağaldan futbolçulardan yalnız Abdullah Zubirə yer verib. Mahir Emreli və Xayme Romero isə ehtiyatda qalıb. Pasport problemini həll edərək, Varşavaya sonradan yollanan Donald Gerye isə "18-liy"ə düşməyib.
Oyun əvvəldən sonadək "Qarabağ"ın üstünlüyü şəraitində keçib. Lakin ilk yarıda qol imkanlarından yararlanmaq mümkün olmayıb. Əvəzində Azərbaycan komandası ikinci hissəyə qolla başlayıb. 50-ci dəqiqədə Ovusu Kvabenanın ötürməsindən sonra Patrik Andrade hesabı açıb.
Hücumlarını davam etdirən Ağdam komandası 62-ci dəqiqədə yenidən fərqlənib. Bu dəfə Zubir rəqib müdafiəçilərini təkbaşına arxada qoyaraq, Artur Borutsu da məğlub edib. Oyunda son nöqtəni isə 70-ci dəqiqədə Andradenin ötürməsindən sonra qüvvətli zərbə ilə Filip Ozobiç qoyub.
Beləliklə, "Qarabağ" ardıcıl 7-ci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Ağdam komandası Avropa Liqasının qrup mərhələsində isə 6-cı dəfə mübarizə aparacaq.
Qeyd edək ki, püşkatma mərasimi bu gün saat 17:00-da olacaq.
-------------------------
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" səfərdə Polşa "Legiya"sı ilə qarşılaşacaq.
Varşavadakı "Wojska Polskiego" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da başlayacaq. Mərhələ 1 oyundan ibarət olduğu üçün cütün qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.
Oyun öncəsi "Qarabağ"ın heyətində bəzi itkilər var. Pasport probleminə görə Polşaya gedə bilməyən Donald Gerye böyük ehtimalla matçı buraxacaq. Bundan əlavə, zədəli Mahir Emrelinin də oynaması sual altındadır. Zədəsini yenicə sağaltmış Abdullah Zubir və Xayme Romeronun isə ilk dəqiqələrdən meydanda olacağı gözlənilir.
Rəqibdə isə Jose Kantenin durumuna oyun vaxtı aydınlıq gələcək.
1 oktyabr
UEFA Avropa Liqası
Pley-off mərhələsi
22:00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 0:3
Qollar: Patrik Andrade, 50. Abdullah Zubir, 62. Filip Ozobiç, 70
Hakimlər: Tobias Ştiler, Kristian Qittelmann Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)
Qeyd edək ki, Ağdam klubu "Legiya" səddini aşsa, ardıcıl 7-ci dəfə avrokubokların qruplarında mübarizə aparacaq. Avropa Liqasında qrup mərhələsinin püşkü oktyabrın 2-də atılacaq.