UEFA Avropa Liqasının I qrupunda "Qarabağ"ın rəqiblərindən olan İspaniya "Vilyarreal"ının azarkeşlərlə bağlı hökumətə müraciəti qəbul olunmayıb.
Sportnet,az "elperiodicomediterraneo.com" saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi avrokuboklarda ilk turun Türkiyə "Sivasspor"u ilə matçında stadiona 3 min fanatın buraxılmasını istəsə də, müsbət cavab ala bilməyib.
Koronavirusla bağlı ölkədəki vəziyyət tərəfdarların oyunlarda iştirakı üçün mükəmməl təhlükəsizlik protokolu tələb edir. Matça az vaxt qaldığından, bunu həyata keçirmək mümkün olmayıb. Ona görə də qarşılaşma azarkeşsiz keçiriləcək.
Lakin "Vilyarreal"ın İsrailin "Makkabi" (Təl-Əviv) klubu, həmçinin Azərbaycan çempionu "Qarabağ"lə evdə oynayacağı matçlarda fanatların stadiona buraxılacağı istisna edilmir.
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə oktyabrın 22-də start veriləcək. "Qarabağ" ilk oyununu İsraildə "Makkabi"yə qarşı keçirəcək. Ağdam klubunun "Vilyarreal"la səfər matçı dekabrın 10-da olacaq.