Avropa Liqasının qrup mərhələsində "Qarabağ" İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi" ilə keçirəcəyi oyunun baş hakimi Con Biton daha əvvəl Ağdam təmsilçisinin matçlarını idarə edib.
Sportnet.az-ın məlumatına görə, 38 yaşlı şotlandiyalı referi son olaraq ölkə çempionunun 2019/2020 mövsümünün qrup mərhələsində Lüksemburqda "Düdelanj"la matçında iş başında olub.
Həmin qarşılaşma Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" sözügedən görüşdə erməni təxribatı ilə də üzləşib. Matçın birinci hissəsində qondarma "Dağlıq Qarabağ respublikası"nın "bayrağı" dronla stadiona gətirilib.
Biton həmçinin 2016/2017 mövsümündə Azərbaycan təmsilçisinin Yunanıstanda PAOK-u 1:0 hesabı ilə məğlub etdiyi görüşü idarə edib. Baş məşqçi 2019-cu ildə Azərbaycanın U-21 komandasının Avropa çempionatının seçmə mərhələsində evdə Slovakiyaya 1:5 hesabı ilə uduzduğu matça da təyinat alıb. O, bundan əlavə 2014-cü ildə AVRO-2015-in seçmə oyununda Azərbaycanın U-19 yığmasının evdə Macarıstanla 1:1 hesablı heç-heçə etdiyi görüşdə iş başında olub.
Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.