"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə "Makkabi"lə (Təl-Əviv) üz-üzə gəlib.
"Blumfild" stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 10-cu dəqiqədə "Makkabi"nin heyətində Yonaten Kohen fərqlənib.
Matç Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev üçün əlamətdar olub. 31 yaşlı müdafiəçi avrokuboklarda 100-cü oyununa çıxıb.
I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüşdə qapılara 8 qol vurulub. Matç ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ" qrupda ikinci matçını oktyabrın 29-da "Vilyarreal"a qarşı keçirəcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.
-----------------------------------------------------
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Ağdam klubu İsraildə Təl-Əviv "Makkabi"sinin qonağı olacaq. "Blumfild" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qurban Qurbanovun başçılıq etdiyi komanda matça itkilərlə çıxacaq. Azərbaycan çempionunun heyətində Mahir Emreli və Abbas Hüseynov zədə səbəbindən "Makkabi"yə qarşı oynamayacaq.
Ardıcıl 7-ci dəfə qrupda çıxış edəcək "Qarabağ" cari mövsüm avrokubok mübarizəsinə Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsindən başlayıb. I raundda Şimali Makedoniyanın “Sileks” (4:0), II raundda isə Moldovanın "Şerif" komandasını keçən (2:1) "köhlən atlar" növbəti mərhələdə Norveç "Molde"sinə penaltilər seriyasında uduzaraq, Avropa Liqasının pley-ofuna düşüb. Burada isə Polşa "Legiya"sını səfərdə 3:0 hesabı ilə məğlub edən ağdamlılar qrup mərhələsinə vəsiqə qazanıblar.
"Qarabağ" kimi "Makkabi" də Avropa Liqasının qrupuna ÇL-dən gəlib. I təsnifat mərhələsində Latviya "Riqa"sını mübarizədən kənarlaşdıran (2:0) İsrail təmsilçisi ardınca Litva "Suduva"sı (3:0) və Belarusun "Dinamo" (Brest) komandasını məğlub edərək (1:0) pley-offa yüksəlib. Bu raundda Avstriyanın "Zalsburq" komandasına hər iki qarşılaşmada uduzan (1:2, 1:3) paytaxt klubu birbaşa Avropa Liqasının qrupuna vəsiqə əldə edib.
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
23:00. "Makkabi" (Təl-Əviv, israil) - "Qarabağ" (Azərbaycan) - 1:0
Qol: Yonaten Kohen, 10
Hakimlər: Con Biton, Frensis Konor, Daniel Makfarlan, Euan Anderson
Tel-Əviv, "Blumfild" stadionu
Qeyd edək ki, qrupun digər oyununda "Vilyarreal" evdə Türkiyə "Sivasspor"unu qəbul edəcək.