
"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi II turda İstanbulda İspaniya "Vilyarreal"ını qəbul edib.
Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hər iki komanda oyuna itkilərlə çıxıb. Azərbaycan çempionunun heyətində kapitan Maksim Medvedev, Bədavi Hüseynov və Mahir Emreli zədə səbəbindən əsas heyətdə yer almayıb. Medvedevin yoxluğunda "köhlən atlar"ı meydana kapitan kimi Qara Qarayev çıxarıb. La Liqa təmsilçisində isə Jerar Moreno, Alberto Moreno, Dani Parexo və Pervis Estupinyan zədəli olduqlarından oyunu buraxıblar.
Matça gəlincə, birinci hissədə ilk təhlükəli vəziyyəti qonaqlar yaradıblar. 17-ci dəqiqədə künc zərbəsindən ötürülən topu Ruben Penya başla qapıya göndərmək istəsə də, dirək qola mane olub. 32-ci dəqiqədə isə Mani Trigerosun standart vəziyyətdən vurduğu topu Şahruddin Məhəmmədəliyev çətinliklə dəf edib. İlk hissədə hesab açılmayıb.
İkinci yarıya da fəal başlayan "Vilyarreal" 53-cü dəqiqədə hesabı açmağa yaxın olub. Sol cinahdan qapıçı ilə üzbəüz qalan Samuel Çukvuezenin fərqlənməsinə yenə də Məhəmmədəliyev imkan verməyib. 6 dəqiqə sonra "Qarabağ"ın qolkiperi bu dəfə Takefusa Kubanın qüvvətli zərbəsini qarşısını alıb. 62-ci dəqiqədə Çukvueza növbəti dəfə diqqət mərkəzinə düşüb. Sol cinahdan yerlə ötürməni saxlamadan qapıya göndərən nigeriyalı vingerin sevinməsinə Kevin Medina mane olub. 69-cu dəqiqədə Xayme Kostanın zərbəsi qapı torunu yandan silkələyib.
"Qarabağ" 2-ci yarıda ilk qol epizodunu 76-cı dəqiqədə yaxalayıb. Cərimə meydançasının qarşısında topu qəbul edən Uroş Matiçin zərbəsində azacıq dəqiqlik çatmayıb. Cəmi 2 dəqiqə sonra isə Qurban Qurbanovun başçılıq etdiyi komanda hesabı açıb. Patrik Andradenin ideal ötürməsindən sonra Kvabena Ovusu fərqlənib. Lakin "Qarabağ"ın qol sevinci 2 dəqiqə çəkib. 80-ci dəqiqədə Yeremi Pino tarazlığı bərpa edib. 84-cü dəqiqədə isə ikinci hissədə meydana daxil olan Pako Alkaser komandasını hesabda önə keçirib. Matçda son nöqtəni də Alkaser qoyub. 90+6-cı dəqiqədə penaltidən fərqlənən forvard yekun nəticəni müəyyənləşdirib.
Qeyd 1edək ki, bu nəticədən sonra xallarını 6-ya çatdıran "Vilyarreal" liderliyini möhkəmlədib. Xalsız "Qarabağ" isə 4-cü pilləyə enib.
--------------------------
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, I qrupunda yer alan Ağdam klubu 2-ci sınağında İspaniyanın "Vilyarreal" komandası ilə üz-üzə gələcək.
"Köhlən atlar" Azərbaycandakı hərbi vəziyyətlə bağlı rəqibini Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Hər iki komandanın heyətində oyun öncəsi itkilər var. "Qarabağ"da Bədavi Hüseynov matçı buraxa bilər. Mahir Emreli və Maksim Medvedevin meydana çıxması sual altındadır. "Vilyarreal"da isə Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno Azərbaycan çempionuna qarşı oynamayacaq.
Qurban Qurbanovun başçılıq etdiyi komanda qrupun ik oyununda İsraildə Təl-Əviv "Makkabi"sinə 0:1 hesabı ilə uduzub. La Liqa təmsilçisi isə evdə keçirdiyi görüşdə "Sivasspor"a qalib gəlib - 5:3.
UEFA Avropa Liqası
Qrup mərhələsi
II tur
21:55. “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) - 1:3
Qollar: Ovusu Kvabena, 78 - Yeremi Pino, 80. Pako Alkaser, 85; 90+6
Hakimlər: Pavel Orel, Petr Blazej, Jiri Krij
Dördüncü hakim: Andrey Pekanets (hamısı Çexiya)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna)
İstanbul (Türkiyə), "Başakşehir Fatih Terim stadionu"
Qeyd edək ki, "Vilyarreal" 3 xalla qrupun lideridir. Xalı olmayan "Qarabağ" isə 3-cü pillədə qərarlaşıb.