Türkiyənin "Sivasspor" komandasının futbolçusu Maks Qradel Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"a qarşı matçı buraxa bilər.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı vinger Kot dİvuar yığmasının heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsində Madaqaskarı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib.
85-ci dəqiqədə çiynindən xəsarət alan afrikalı oyunçu meydanı xərəkdə tərk edib. Qradelin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, noyabrın 26-da keçiriləcək "Qarabağ" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə bağlı ev qarşılaşmalarını neytral meydanda keçirir. Ölkə çempionu Türkiyə təmsilçisi ilə qarşılaşmanın Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib.