
"Qarabağ" klubu UEFA Avropa Liqasında V tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edib. İrlandiyalı referi Robert Hennessinin idarə etdiyi qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Heyətdəki zədə və koronavirusa yoluxmalar üzündən "Qarabağ" oyuna itkilərlə çıxıb. Baş məşqçi Qurban Qurbanovun iştirak etmədiyi qarşılaşmada ehtiyat oyunçular skamyasında cəmi 6 futbolçu yer alıb ki, onlardan 2-si qapıçı olub.
Start heyətdə isə qolkiper Şahruddin Məhəmmədəliyevin önündə müdafiəçilərdən Elvin Cəfərquliyev solda, Kevin Medina və kapitan Qara Qarayev mərkəzdə, Donald Gerye sağda yer alıb. Yarımmüdafiənin mərkəzində İsmayıl İbrahimli və Uroş Matiç, onların önündə Filip Ozobiç,cinahlarda Abdullah Zubir və Xayme Romero çıxış edib. Mərkəz hücumçusu mövqeyi isə Ovusu Kvabenaya həvalə olunub.
Hesabı İsraildəki görüşdə olduğu kimi, yenə Yonahan Kohen açıb. O, 22-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Lakin bu, həmin matçdan fərqli olaraq, görüşdə vurulmuş yeganə qol olmayıb. 37-ci dəqiqədə Xayme Romero bərabərlik qolunu vurub.
Bununla da "Qarabağ" I qrupunda ilk xalını qazanıb.
--------------------------
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, I qrupunda yer alan Azərbaycan klubu V tur matçında İsrailin "Makkabi" (Tel-Əviv) komandası ilə qarşılaşacaq. Azərbaycandakı hərbi vəziyyətlə bağlı Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Azərbaycan çempionu matça ciddi itkilərlə çıxacaq. Komandanın ən böyük çatışmazlığı təbii ki, baş məşqçi Qurban Qurbanovun oyunda iştirak edə bilməməsi olacaq. 48 yaşlı mütəxəssis koronavirusa yoluxduğu üçün Türkiyəyə getməyib. Mahir Emreli, Maksim Medvedev və Abbas Hüseynov da eyni səbəbdən oyunda iştirak edə bilməyəcək. Həmçinin milli komandanın düşərgəsindən qayıtdıqdan sonra koronavirus aşkarlanmış Musa Qurbanlının son iki testi neqativ çıxsa da, futbolçu məşqlərdən uzaq olduğu üçün "Makkabi" ilə oyunun heyətinə salınmayıb. Bədavi Hüseynovla Patrik Andrade isə zədəli olduqları üçün matçı buraxacaqlar. Əvəzində koronavirusdan sağalmış Rahil Məmmədov kollektivə qoşulub.
Bu oyun qrupda heç bir iddiası qalmayan Azərbaycan çempionu üçün formal xarakter daşıyır. Lakin matçın nəticəsi 2-ci yer uğrunda mübarizə aparan "Makkabi" və Türkiyə "Sivasspor"unu yaxından maraqlandırır.
Hazırda I qrupuna 10 xalla İspaniyanın "Vilyarreal" komandası başçılıq edir. Tel-Əviv təmsilçisi 7 xalla 2-ci, Sivas klubu 6 xalla 3-cüdür. "Qarabağ"ın isə xalı yoxdur.
UEFA Avropa Liqası, qrup mərhələsi
V tur
21:55. "Qarabağ" (Azərbaycan) - "Makkabi" (Tel-Əviv, İsrail) - 1:1
Qol: Xayme Romero, 37 - Yonatan Koen, 22 (penalti)
Hakimlər: Robert Hennessi, Allen Linç, Emmet Dinan, Pol Maklaflin (İrlandiya)
İstanbul, "Başakşehir Fatih Terim" stadionu
Qeyd edək ki, qrupun digər oyununda "Sivasspor" "Vilyarreal"ı qəbul edəcək.