“Mövsümün ikinci hissəsinin hazırlıqları tam sürətlə, plan üzrə davam edir. Hava şəraiti də yaxşıdır. Bu da yaxşı məşq keçməyimizə mane olmur".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Merab Giqauri hazırlıq prosesi barədə klubun rəsmi saytına açıqlamasında deyib. Gürcüstanlı yarımmüdafiəçi bildirib ki, bu dəfə ölkə xaricində deyil, Qəbələdə toplanış keçən komandası üçün hər cür şərait var: "Meydançalar da buna uyğundur. Hava da işimizə yarayır. Budəfəki hazırlıq ölkə xaricindəki toplanışdan yalnız yoxlama oyunlarının sayı ilə fərqlənir. Antalyada başqa komandalarla daha çox görüş keçirmək mümkündür”.
Giqauri “Qəbələ”nin mövsümün arxada qalan hissəsindəki çıxışına da toxunub: “Komandamızın mövsümün ilk hissəsindəki çıxışını, əlbəttə, müsbət qiymətləndirirəm. Amma hesab edirəm ki, daha çox xal toplaya bilərdik. Elə qarşılaşmalar oldu ki, qalib gəlməli idik, amma qismət deyildi. Öz oyunuma gəlincə, bu barədə danışmağı sevmirəm. Özüm bundan heç vaxt razı qalmıram. Çalışıram ki, özümü meydanda daha çox göstərim. Oyunuma isə kənardan qiymət versinlər”.
Yarımmüdafiəçi mövsümün 2021-ci ilə aid hissəsi barədə gözləntilərini açıqlayıb. O, “qırmızı-qaralar”ın istənilən hədəf uğrunda mübarizə aparmaq iqtidarında olduğunu bildirib: “Komandamızın gücü hər şeyə imkan verir. Biz də sona qədər mübarizə aparacağıq. Yaxşı nəticə qazanmaq üçün hər şey edəcəyik”.
Qeyd edək ki, "Qəbələ" toplanışa yanvarın 5-də start verib. Mövsümün ikinci hissəsinə hazırlıqlar yanvarın 13-dək Qəbələ şəhər stadionunda davam edəcək.