"Bu, ilk oyun idi. Azərbaycan Kubokunun oyunları həmişə çətin olur. Komandalar matçlara ciddi köklənirlər. Evdə oynadığımız üçün qələbə qazanmaq istəyirdik, ən azı top buraxmamalı idik".
Sportnet.az xəbər verir bu fikirləri "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Səbail"ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis birinci hissədə komandasından razı qalmadığını bildirib: "Fasilədən sonra isə istədiyimiz oyunu göstərdik. Demək olar ki, yalnız qolumuz çatmadı. Qol epizodları sarıdan hələ yaxşı vəziyyətdə deyilik. Bunun da səbəbləri var, üzərində işləyirik. "Keşlə" ilə çempionat qarşılaşmasında da bəzi epizodları buraxdıq. İnanıram ki, qısa müddətdə bunun da öhdəsindən gələcəyik. Əlbəttə, cavab görüşü də var. Çalışacağıq ki, mərhələni keçək".
Abbasov Rəhim Sadıxov, Cavid İmamverdiyev və bir neçə futbolçunun istədikləri formada olmadığını vurğulayıb: "Birinci hissədə rəqib bizi düzgün analiz etmişdi. Demək olar ki, orta sahədə top almağa imkan vermirdilər. Top alan kimi isə yaxşı pressinq edirdilər. İkinci yarıda sistemi dəyişdik. Rəhim də oyuna girəndən sonra yarımmüdafiədəki boşluqlardan istifadə etdi. "Səbail" rəqiblərə qarşı düzgün hazırlaşan komandadır. Biz də çalışacağıq ki, ikinci oyunda səhvləri təkrarlamayaq".
Gənc baş məşqçi "Səbail"lə çox qarşılaşmağın onlar üçün bezdirici olmayacağını sözlərinə əlavə edib: "Çempionatda 8 komanda və 4 dövrə var. İstər-istəməz 1,5 aydan sonra bir-birimizlə qarşılaşırıq. Amma kubokda daha iki oyun olur. Bir az çətin olacaq. Bu gün meydanda yaxşı mübarizə gördük, futbolçular oyun çox olanda bir-birilərini daha yaxşı tanıyacaqlar. Məncə, maraqlı olar".
Abbasov deyib ki, hesab onlara cavab qarşılaşmasından öncə ümid verir: "0:1 elə də böyük hesab deyil ki, ümidimizi kəsək. Biz hər oyunda maksimum gücümüzlə çalışırıq. İki cəbhədə vuruşmaq daha çətindir. Amma futbolçular buna alışmalıdır".