"Kəpəz"in "Sabah"la oyununu analiz etmişik. Futbolçular da gördülər ki, rəqib I Divizion təmsilçisi olmasına baxmayaraq, meydanda həm topla, həm də topsuz çox gözəl təsir bağışlayır. İstər hücumda, istərsə də müdafiədə inamlı görünürlər".
Sportnet.az xəbər verir ki, bu fikirləri Sportnet.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Kəpəz"lə evdə keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
41 yaşlı mütəxəssis bildirib ki, Gəncə təmsilçisinin aşağı dəstədə oynaması komandasında arxayınlıq yaratmır: "Futbolçular arasında səviyyə fərqi ola bilər. Amma komandaya çevriləndə artıq müəyyən nəticəyə gətirib çıxarır. "Kəpəz" çox ciddi rəqibdir. Biz də oyuna buna uyğun hazırlaşmışıq".
Qurbanov istənilən nəticəyə hazır olduqlarını söyləyib: "Futbol elədir ki, hər an hər şey baş verə bilər. Amma bacardığımız qədər qələbə qazanmağa çalışacağıq. Nəticə yaxşı olsa, növbəti görüşlərə də yüksək əhval-ruhiyyədə hazırlaşa bilərik".
Bir müddətdir "Keşlə"də maliyyə probleminin olması ilə bağlı xəbərlər dolaşır. Məlumatı təkzib edən baş məşqçi hər şeyin qaydasında olduğunu vurğulayıb: "Heç bir şikayət yoxdur. Komandada yeni olsam da, bilirəm ki, maliyyə sıxıntısı yoxdur. Həm maaş, həm də mükafatlar ödənilir. Hər bir qarşılaşma, o cümlədən, "Kəpəz"lə matç üçün mükafat var. Bu da müsbət haldır".
Qeyd edək ki, bu gün "ASK Arena"da oynanılacaq "Keşlə" - "Kəpəz" qarşılaşması saat 16:00-da start götürəcək.