"Ümumiyyətlə, kollektivimizdə hər hansı oyunçunun üstün performansı qarşılığında nizam-intizamı ilə bağlı güzəştlər yoxdur. Kimliyindən asılı olmayaraq, komandaya hər hansı xeyri dəysə belə. Bizdə ilk növbədə, nizam-intizam, mehribanlıq, bir ailə kimi kollektivçilik durur".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. 39 yaşlı mütəxəssis bildirib ki, hər hansı futbolçu nizam-intizamı pozduqda ona qarşı daha qətiyyətli tədbirlər görürlər: "Bir-iki dəfə başa salırıq, başa düşmədikdə isə daha sərt tədbirlərə əl atırıq. Bu günədək nizam-intizam sarıdan futbolçulara qarşı iradım, narazılığım olmayıb".
Sadıqov "Neftçi"ni səfərdə 1:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun ilk 1/4 final matçında "Zirə"nin bəzi futbolçularının davranışlarına toxunub: "Qolumuzun müəllifi İlkin Muradov bəzi epizodlarda aşırı emosionallıq göstərirdi. Bəzən futbolçuları anlamağa çalışırsan ki, rəqib "Neftçi"dir, səfərdə oynayırsan, hesabda irəlidəsən. Bunların özü sənin üzərində əlavə təzyiqdir. Təkcə İlkində yox, bütün komandada aqressivlik oldu. Dmitrios Çantakias "Neftçi"nin oyunçuları topun kimdən çıxdığını bilmədikdə fair-play mübahisəsi zamanı rəqibə yersiz iradlar bildirdi. Ağabala Ramazanovda da, Lazar Corceviçdə də belə bir epizod oldu. Gördüyümüz məsələlər üzərində daim dayanır, mütləq bu yöndə söhbətlər aparırıq. Bu, həm şəxsən özlərinin, həm də komandamızın xeyrinədir. Elə formada çatdırırıq ki, düzəlişlərə gətirib çıxarsın. Mütləq düzəltməliyik".
Baş məşqçi təkcə nizam-intizam yox, taktiki baxımdan da dəyişikliklərə əl atdığını açıqlayıb: "Bu gün iki hücumçu ilə oynayırdıq. Davit Volkov sağda, Klesio Bauk solda oynayırdı. Ola bilsin, növbəti oyunlarda da bu taktikadan yararlanaq. Ümumiyyətlə, komandamızın cürbəcür sistemlərə uyğunlaşmasını xoşlayıram. Çünki fərqli rəqiblərlə oynayırsan, bəzən də komandanızın taktiki cəhətdən elastik olması məşqçinin işinə çox yarayır. Rəqibə qarşı gözlənilməz sürprizlər hazırlamaq üçün əlində bəzi gedişatlar olur. Qarşıdakı oyuna hansı taktika ilə hazırlaşacağımızı düşünəcəyik".