"Qarabağ" klubu "Neftçi"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçından əvvəl maraqlı paylaşım edib.
"Report" xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi feysbuk hesabındakı videoda ölkə çempionatında "Neftçi"yə qarşı ilk qolun müəllifi Zaur Qarayevin fikirləri yer alıb.
52 yaşlı keçmiş müdafiəçi həmin anları xatırlayıb: "Azərbaycan çempionatında "Qarabağ"ın "Neftçi"yə vurduğu ilk qolun müəllifiyəm. 1992-ci il sentyabrın 26-dakı oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirdi. Səttar Əliyevin ötürməsindən sonra qol vurdum. "Qarabağ" və "Neftçi" 80 dəfə qarşılaşıb. "Qarabağ" 30 qələbə qazanıb, 90 qol vurub. Bu gün hər şey fərqlidir. Dəyişməyən məkandır. 28 il 100 gün sonra komandalar Tofiq Bəhramov adına Respublika stadionunda yenidən qarşılaşır".
Qeyd edək ki, fevralın 13-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.