
"Əvvəlcə Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına səbr diləyirəm. Kluba yeni gələndə bu faciə ilə bağlı mənə məlumat verilib. Azərbaycan xalqının dərdinə şərik olduğumu demək istəyirəm".
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Xayme Romero klubun rəsmi saytına açıqlamasında deyib.
Premyer Liqanın XVII turunun "Səbail"lə oyununda (1:0) yeganə qola imza atan ispaniyalı yarımmüdafiəçi qələbənin asan qazanılmadığını bildirib: "Əksər komandalar bizə qarşı qapanıb, yaxşı müdafiə olunurlar. Həmin müdafiə xəttini yarmaq isə asan deyil. Bu oyun da belə oldu və deyərdim ki, matç daha çətin keçdi. Sonda qələbə qazandıq və bundan çox məmnunam".
31 yaşlı futbolçu Ağdam təmsilçisinin heyətində keçirdiyi 48-ci matçında 10-cu dəfə fərqlənib. Romero cərimə zərbəsindən vurduğu baxımlı qol barədə isə bunu söyləyib: Zərbəni yerinə yetirməmişdən əvvəl düşünürdüm ki, topu cərimə meydançasına ötürüm, yoxsa qapıya vurum. Qapıya baxdım və fikirləşdim ki, yaxşı mövqedir. Ona görə də qərara aldım ki, topu qapıya vurum. Nəticədə qol oldu və bu, komandamıza vacib qələbə qazandırdı. Çempionluq yarışında vacib 3 xal əldə etdik. Buna görə çox məmnunam. Çalışacağıq ki, qələbə seriyasını davam etdirək".