
Gürcüstan Futbol Federasiyasının (GFF) keçmiş prezidenti Merab Jordaniya Avstriyanın "Austriya" klubunu alır.
Sportnet.az-ın Avstriya mətbuatına istinadən məlumatına görə, tərəflər arasında danışıqlar uğurla davam edir və yaxın günlərdə anlaşma əldə olunacaq. Klubun Direktorlar Şurasının üsvü Markus Kreçmer fevralın sonunda hər şeyə nöqtə qoyulacağını açıqlayıb. Lakin o, klubun M.Jordaniya tərəfindən alındığını nə təsdiq, nə də təkzib edib: "Hazırda hüquqşünaslar müqavilə hazırlayırlar. Əməkdaşlıq uzunmüddətli yox, çoxillik olmalıdır".
Artıq M.Jordaniyanın oğlu Levan Jordaniya "Austriya"nın ikinci komandasına cəlb olunub. 24 yaşlı yarımmüdafiəçi sonuncu dəfə Tbilisi "Lokomotiv"inin formasını geyinib.
Qeyd edək ki, Merab Jordaniya GFF prezidenti postunu 1998 - 2005-ci illərdə tutub. 2003-cü ildə Gürcüstan yığmasında baş məşqçi kimi çalışmış M.Jordaniya 1982 - 1992-ci illərdə öz ölkəsinin müxtəlif klublarının və İslandiyanın "Styarnan" komandasının formasını geyinib.