
"Keşlə"nin hazırkı, "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanovun Sportnet.az-a müsahibəsi
- "Neftçi"nin prezidenti Kamran Quliyev çempionluqda sizin də rolunuzun olduğunu bildirib. Bu barədə nə deyə bilərsiniz?
- Onu deyə bilərəm ki, "Neftçi" çox keyfiyyətli futbolçulardan ibarət idi və çempionluğu haqq edirdi. Rəhbərlikdən tutmuş bütün əməkdaşlarınadək hər kəsi təbrik edirəm.
- Çempionluqdan sonra sizinlə əlaqə saxlanılıbmı və hər hansı təbrik almısınızmı?
- Məni klubdan da, azarkeşlər də, kənardan da təbrik edib. Cavabında təşəkkürümü bildirərək, bunu eşitməyin xoş olduğunu bildirmişəm. Çünki bu heyət öz dönəmimdə yığılmasaydı, mənə o qədər də xoş olmayacaqdı. Amma mən yığdığım üçün xoşdur və təbrikləri məmnuniyyətlə qəbul edirəm.
- Sonradan heyətə cəlb olunan futbolçular - Əhməd Əhmədov və Keysuke Honda transferlərdə rol oynadımı?
- Çempion olublarsa, deməli, hər bir futbolçunun əziyyəti, hər birinin xeyri var.
- Sizə də çempionluq medalı təqdim olundumu?
- Məncə, hələlik başları qarışıqdır. Ola bilsin, təqdim edəcəklər. Versələr də sağ olsunlar, verməsələr də... Əsas odur ki, "Neftçi" çempion oldu, əziyyətləri yerdə qalmadı. Həmişə demişəm ki, bir komandanın formalaşması üçün minimum 3 il lazımdır. Çempionluq da bunun sayəsində gəldi. Biz komandaya gəldikdən sonra "Neftçi" əvvəlcə bürünc, sonra iki dəfə gümüş və sonda qızıl medal qazandı. Bunlar o deməkdir ki, hər şey pillə-pillə baş verir. Həmişə inanmaq lazımdır. Bir şeyə nail olmaq istəyirsənsə, mütləq dəyişikliklər etməlisən. Bu baxımdan dəyişikliklər düzgün aparıldı. Əsasən də keyfiyyətli futbolçular sarıdan. Hər bir işdə keyfiyyət önəmlidir. Daha dəqiqi, keyfiyyətli futbolçu və onları oynadan baş məşqçi.
- Qazanılan çempionluqda ən azı 50 faiz sizin də əməyinizin olduğunu demək olarmı?
- Açığı, bu barədə heç vaxt heç kimə deməmişəm, deməyəcəyəm də. Kim belə düşünürsə, sağ olun. Düşünməyən də həmçinin. Klubda kimdən istəsəniz, soruşa bilərsiniz: Mən hansı işləri görmüşəm, ondan sonra kim nəyi düşünürsə, deyə bilər.
- "Neftçi" həm də sabit heyəti sayəsində qızıl medal qazandı. "Keşlə"də isə vəziyyət fərqlidir: Hər transfer dönəmində komandanı xeyli futbolçu tərk edir və xeylisi alınır. "Neftçi"dəki stabilliyi "Keşlə"də də yaratmaq mümkündür?
- "Neftçi"də işlədiyim dönəmdə struktur, iş prinsipləri başqa idi, "Keşlə"də isə tam fərqlidir. Burada komandanın formalaşdırılması ilə bağlı bütün işlər və səlahiyyət baş məşqçiyə məxsusdur. Klubun iş prinsipinə hörmətlə yanaşmaq lazımdır.
- Nəyə görəsə hətta Avropa Liqasına vəsiqə qazandıqda da "Keşlə"də heyət büsbütün dəyişir. Belə bir tendensiya yenə davam edəcək?
- Bunu mən deyə bilmərəm. Çünki komandadakı heyət dəyişikliklərində özüm iştirak etmirəm. Yenə deyirəm: Bu strategiya belə qurulubsa, belə də olacaq. Məncə, dəyişiləsi bir şey olmayacaq və hazırkı iş prinsipi ilə də davam edəcəyik.
- Amma məsələ ondadır ki, "Keşlə"də baş məşqçilərlə bağlı da sabitlik yoxdur. Komanda hər mövsümə yeni baş məşqçi ilə start verir...
- Anlayıram. Amma klub rəhbərliyi nəticəyə cavabdeh şəxs kimi baş məşqçini müəyyənləşdiribsə, komandanı formalaşdırmağı da ona həvalə edir və nəticəni həmin şəxsdən tələb edir. Hansı baş məşqçi olursa-olsun, klub prezidentinin ona inamı böyük olur.