Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, həlledici qarşılaşmada “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Keşlə” tarixində 2-ci dəfə titula sahib çıxıb.
Qarşılıqlı hücumlarla başlayan görüşdə hesab erkən açılıb. 3-cü dəqiqədə standart vəziyyətdən ötürmə zamanı paytaxt təmsilçisinin müdafiəçisi Miyusko Boyoviç topu öz qapısına göndərib. Qoldan sonra bir qədər müdafiəyə çəkilən “gənclik şəhəri” təmsilçisi əks-hücumlara bel bağlayıb. 29-cu dəqiqədə “Keşlə”nin yarımmüdafiəçisi Rəhman Hacıyev rəqib qapıçı ilə üzbəüz qalsa da, fürsətdən istifadə edə bilməyib. Müdafiəçilər topun qapıdan keçməsinə mane olublar. Buna baxmayaraq, Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv 8 dəqiqə sonra istəyinə çatıb. Şəhriyar Əliyev başla qapını dəqiq nişan alaraq, hesabı bərabərləşdirib. İlk hissənin sonlarında “Sumqayıt”ın futbolçusu Rəhim Sadıxov yaxın məsafədən topu qapının üstündən vurub.
Birinci hissə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İkinci yarıya daha yaxşı başlayan nominal meydan sahibləri 57-ci dəqiqədə hesabı öz xeyirlərinə dəyişiblər. Avtoqol müəllifi olan Boyoviç bu dəfə rəqibi məyus edib. Hesabda geri düşən “Sumqayıt” ikinci hissənin ortalarında Sadıxovla yaxşı şans yaxalasa da, Azərbaycan millisinin yarımmüdafiəçisi topa istədiyi kimi toxuna bilməyib. 66-cı dəqiqədə Əli Qurbani “Keşlə”nin cərimə meydançasında yerə yıxılsa da, matçın baş hakimi Əliyar Ağayev görüşü davam etdirib. Matçın sonlarına doğru paytaxt təmsilçisi 3-cü qolu vurmağa yaxın olsa da, Sadio Tounkaranın zərbəsində azacıq dəqiqlik çatmayıb. 87-ci dəqiqədə "Sumqayıt"ın heyətində Mehdi Şərifinin başla vurduğu top qapı tirindən meydanı tərk edib. İranlı hücumçu az sonra növbəti dəfə diqqət mərkəzinə düşüb. Lakin onun fərqlənməsinə rəqib qapıçı Stanislav Namaşko imkan verməyib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə bakılıların yarımmüdafiəçisi Rəhamn Hacıyevin qüvvətli zərbəsi dirəyə tuş gəlib.
Beləliklə, 2:1 hesablı qələbə qazanan “Keşlə” kubokun qalibi olub. Bu, eyni zamanda Sənan Qurbanovun ölkə kubokunda 2-ci uğuru kimi tarixə düşüb.
Qeyd edək ki, “Keşlə” bu qələbə ilə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
-----------------------------------
Bu gün Azərbaycan Kubokunda final oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, “Bank Respublika Arena”da “Keşlə” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Saat 19:30-da başlanacaq görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Finalçılar indiyədək iki dəfə üz-üzə gəlib. 2017/2018 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan “Keşlə” (1:0; 1:1) finala yüksəlib. Məhz həmin mövsüm paytaxt təmsilçisi finalda "Qəbələ"ni minimal hesabla yenərək, ilk və yeganə ölkə kubokunu qazanıb.
Növbəti mövsüm finalda, hazırda "Keşlə"yə rəhbərlik edən Sənan Qurbanovun baş məşqçi olduğu "Qəbələ" "Sumqayıt"a eyni hesabla qalib gəlib və "qırmızı-qaralar"ın yeganə titulunun memarı olub. Beləliklə, "Sumqayıt" titula həsrət qalıb.
Bu mövsüm isə "gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə Azərbaycan çempionatının bürünc medalını qazandığı kimi, ölkə kubokuna da sahib çıxmağa iddialıdır. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 3-cü yerin sahibi olaraq, UEFA Konfrans Liqasına vəsiqəni təmin edib. Əvəzində Premyer Liqanı 6-cı pillədə başa vurmuş "Keşlə" avrokuboklara yollanmaqdan ötrü mütləq "Sumqayıt"a qalib gəlməlidir. Əks halda, Konfrans Liqasına son vəsiqəni 4-cü pillənin sahibi "Zirə" əldə edəcək.
Komandalardan yalnız "Keşlə" oyuna itki ilə çıxacaq. Yarımmüdafiəçi Vüsal İsgəndərli sarı vərəqə cəzalısı olduğu üçün final matçını buraxacaq. "Sumqayıt"da isə itki yoxdur. Yeganə narahatlıq doğuran məqam Əli Qurbani ilə bağlı olub. Lakin cənubi azərbaycanlı hücumçu zədəsini sağaldaraq, kollektiv məşqlərə qoşulub və bugünkü görüşdə meydana çıxma ehtimalı böyükdür.
Azərbaycan kuboku
Final
24 may
19:30. “Keşlə” - “Sumqayıt” - 2:1
Qollar: Şəhriyar Əliyev, 37, Miyusko Boyoviç, 57 - Miyusko Boyoviç, 3 (avtoqol)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”.