
"Neftçi"nin kapitanı Rəşad Sadiqovun "Xəzər Lənkəran"a transferi ilə bağlı danışıqlar son mərhələyə qədəm qoyub. Sportnet.az-ın əldə etdiyi məlumata görə, danışıqların uzanmasına səbəb maliyyə məsələlərində hələ də razılığa gəlinməməsi olub.
İş ondadır ki, Sadiqovun müqaviləsi hələ ötən mövsümün sonlarında başa çatmalı imiş. Flaqman rəhbərliyi kapitandan yeni anlaşmaya qol çəkməsini tələb edib. Lakin təcrübəli futbolçu dəqiqləşdirə bilmədiyimiz səbəblərdən, çox güman ki, daha sərfəli təklif aldığı üçün imzadan yayınıb. Rəhbərlik isə Sadiqovu cəzalandırmağı qərara alıb. Bunun nəticəsidir ki, yarımmüdafiəçi əvəzedici heyətə "sürgün edilib". Sonradan o, "səhvini anlayaraq", "Neftçi" ilə müqaviləni uzadıb.
Daha sonra klub rəhbərliyi Sadiqovu transferə çıxarıb və ən real müştəri olan "Xəzər Lənkəran"a 300 min manat qiymət oxunulub. Lakin cənub klubu rəsmiləri bu məbləği yüksək sayaraq, endirim istəyiblər. Hətta futbolçuya "Get, problemini "Neftçi" rəhbərliyi ilə həll et, sonra gəl" deyilib. Bununla da transfer bir müddət dalana dirənib. "Neftçi" rəhbərliyi isə kapitanına daha bir klubdan təklif olduğunu deyərək, "Xəzər Lənkəran"ı tələsdirməyə çalışıb. Lakin bu variant elə də effekt verməyib. Əksinə, futbolçunun qiyməti 200 min manatadək aşağı salınıb.
Mənbə bildirir ki, hazırda Sadiqovun "Neftçi"nin prinsipial rəqibi ilə müqavilə bağlaması an məsələsidir. Məsələnin tezliklə həllini tapacağı şübhə doğurmur.