Azərbaycanın mini-futbol üzrə milli komandası oktyabrın 30-da Slovakiyanın Koşitse şəhərində start götürəcək Avropa çempionatının hazırlıqlarına başlayıb.
Sportnet.az-ın məlumatına görə, toplanış baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında iyulun 1-dən start götürüb. Böyükşor bulvarındakı “Azfar Group” stadionlarında keçirilən təlimlərdə sabiq futbolçu və futzalçılardan Hüseyn Axundov, Tural Nərimanov, Eşqin Quliyev, Bəxtiyar Soltanov, Seymur Məmmədov, Ramil Həsən-Zadə, Asif Zeynalov və İlkin Hacıyev kimi adlar var.
Bakıdakı hazırlıqlar oktyabradək davam edəcək. Daha sonra Slovakiyaya yollanacaq yığma Koşitsedə yerləşən “Kristal” otelində məskunlaşacaq. İştirakçı komandalardan Fransa, Bosniya və Hersoqovina, İsrail kimi ölkələrin də yığmaları adıçəkilən oteldə qalacaqlar.
Qeyd edək ki, noyabrın 6-dək sürəcək Avropa çempionatının bütün oyunları “Steel Arena”da baş tutacaq. Yarışın püşkatma mərasimi sentyabrın 13-də keçiriləcək.