"Bizi qarşıda ciddi oyun gözləyir. Matça çox yaxşı hazırlaşırıq və çalışacağıq ki, ardıcıl 4-cü qələbəmizi qazanaq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Huqo Basto səfərdə "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının VII tur oyunu barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
27 yaşlı müdafiəçi "ağ-qaralar"ın hər oyuna qələbə üçün çıxdığını və yalnız qələbə haqqında düşündüklərini bildirib. "Son altı oyuna nəzər yetirsək, onlardan heç biri bizim üçün asan keçməyib. Hər biri çətin alınıb. Yalnız qarşıdakı oyunlara köklənirik. Öz üzərimizdə işləyirik ki, sonda istədiyimiz nəticələri qazanaq".
Portuqaliyalı oyunçu komanda yoldaşın Mamadu Mbocu üstələyərək əsas heyət üzvlərindən birinə çevrilməsinə də münasibət bildirib: "Belə şeylərin heç birini düşünmürəm. Öz üzərimdə hər gün işləyirəm. Çalışıram ki, komandaya xeyir verim. Hər mövqedə çoxlu futbolçular və böyük rəqbət var. Bu da bizim daha çox çalışmağımıza kömək edir".
Qeyd edək ki, oktyabrın 17-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Neftçi" matçı saat 16:30-da başlanacaq.