
Gürcüstanın paytaxtı Tbilisidə məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr edilmiş idman jurnalistləri arasında Beynəlxalq Media Kuboku keçirilib.
Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanı İdman Jurnalistləri Federasiyasının (AİJF) yığma komandası təmsil edib.
B qrupunda yer alan kollektiv ilk görüşündə Ukrayna (Kiyev) komandasına uduzub - 2:4. Azərbaycan yığmasının hər iki qolunu Xanoğlan İmanov vurub. Litva ilə qarşılaşmada Azərbaycan komandası Asəf Zeynallı, Mirbağırağa Cəfəri və Etibar Tağıyevin qolları ilə qələbə qazanıb - 3:1.
Qrupdakı son görüş isə Moldovaya qarşı olub. Bu matçda Azərbaycan yığmasını heç-heçə də qane edirdi. Lakin rəqib komanda peşəkar futbolçuların xidmətindən istifadə edib. Onlardan biri - "Tiras" mini-futbol komandasında çıxış edən yarımmüdafiəçi Sergey Orsul olub. 37 yaşlı oyunçu qondarma Dnestryanı mini-futbol liqasında mübarizə aparır.
AİJF rəhbərliyi etirazını bildirsə də, təşkilatçılar qalmaqalı böyütməməyi xahiş ediblər. Onlar baş verənlərə görə üzürxahlıq ediblər və Moldovanı növbəti turnirə çağırmayacaqlarını bildiriblər.
Görüş Moldovanın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanın hər iki qolunu Etibar Tağıyev vurub. Rəqib komandadan isə 4 qola məhz Orsul imza atıb.
Beləliklə, qrupda 3-cü yeri tutan AİJF yığması turnirdə 5-ci yer uğrunda görüşə çıxıb. Rəqib A qrupunda 3-cü yeri tutmuş Ukrayna (Odessa) olub. Oyunun əsas vaxtı 4:4 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan komandasından qolları Asəf Zeynallı, Etibar Tağıyev, Firuz Abdulla və Xanoğlan İmanov vurub. Penaltilər seriyasında isə AİJF 6:5 hesabı ilə qalib gələrək, 8 iştirakçı komanda arasında 5-ci yeri tutub.
Turnirin qalibi adını məhz Moldova qazanıb.
Qeyd edək ki, Beynəlxalq Media Kubokunda koronavirusdan vəfat etmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılıb. Azərbaycan komandası ilk oyununa üzərində Elnur Əşrəfoğlunun fotosu və "We will never forget you" ("Biz səni unutmayacağıq") sözləri yazılmış pankartla çıxıb. Mükafatlandırma mərasimində isə Elnur Əşrəfoğlu adına xatirə hədiyyəsi təqdim olunub. Həmin mükafat 5 qol və 4 məhsuldar ötürmə müəllifi Adılbek Jakanova (Qazaxıstan) verilib.