Topaz Premyer Liqasının XXIV turunun "Qarabağ”la qarşılaşacaq "Qəbələ” oyunun hazırlığına başlayıb. Sportnet.az-ın məlumatına görə, XXIII turda "Xəzər Lənkəran”la baş tutan oyunundan (3:1) sonra iki günlük istirahətə buraxılan "qırmızı-qaralar” dünən hazırlıqlarını bərpa edib.
Gündə bir məşq keçən komanda hazırlıqlarını Qəbələ şəhər stadionunda davam etdirir. Roman Qriqorçukun yetirmələri tam heyətlə məşq etmir. Ruslan Abışov, Cavid Hüseynov və Elvin Camalov Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edir. Yığmaya dəvət alan, lakin son matçda aldığı xəsarət üzündən səfərə yollanmayan Rəşad Sadiqov və Ruslan Əmircanov da zədə səbəbi ilə məşqlərdə iştirak edə bilmirlər.
Qeyd edək ki, "Qarabağ” - "Qəbələ” oyunu fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.