Futbol 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilər.
Sportnet.az-ın "The Telegraph" nəşrinə istinadən məlumatına görə, bu, dünya çempionatı 2 ildən bir təşkil olunacağı halda baş verəcək.
Beynəlxalq Olimpiya Komitəsi (IOC) sözügedən yarışın proqramına daxil ediləcək idman növlərinin ilkin siyahısını dərc edib. Bilidirilib ki, futbolun orada yer alıb-almaması beynəlxalq oyunların təqviminin necə dəyişməsindən asılı olacaq. Vəziyyətin yaxından izləniləcəyi vurğulanıb.
Qeyd edək ki, dünya çempionatının 2 ildən bir təşkilini Səudiyyə Ərəbistanı Futbol Federasiyası təklif edib. Bunu 166 milli assosiasiya dəstəkləyib, 22-si isə əleyhinə olub.
1930-cu ildən keçirilməyə başlayan mundial II Dünya müharibəsi ilə əlaqədar, 1942 və 1946-cı illərdə istisna olmaqla, hər 4 ildən bir təşkil olunub. Qarşıdakı dünya çempionatları Qətərdə (2022), Kanada, Meksika, ABŞ-da (2026) olacaq.