"Qol vurduğum üçün çox xoşbəxtəm, amma daha önəmli hədəflərimiz var".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Leandro Andrade evdə "Səbail"ə 5:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
Kabo-verdeli yarımmüdafiəçi matça çox ciddi hazırlaşdıqlarını bildirib: "Çünki bu mövsüm yeganə məğlubiyyətimizi "Səbail"dən almışıq. Qol vurmaqla yanaşı, qələbə qazanmağımıza görə şadam. Çoxlu işləməyin nəticəsini tezliklə görürsən. Mən də eyni templə davam etməliyəm".
23 yaşlı oyunçu Ağdam klubuna asanlıqla adaptasiya olduğunu söyləyib: "Həm məşqçi heyəti, həm də komanda yoldaşlarım o qədər isti münasibət göstərdilər ki, uyğunlaşma dönəmi yaşadığımı deyə bilmərəm. Proses çox tez baş verdi".
O, "Qarabağ"da qol vuran ilk portuqaliyalı olduğu üçün sevindiyini vurğulayıb: "Çox xoşbəxtəm. Belə çıxır ki, ilkə imza atmışam. Əslində “Zirə” ilə oyunda da qol vəziyyətlərim oldu, sadəcə, istifadə edə bilmədim. Komanda yoldaşlarımın üzərimdə zəhməti çoxdur. Həmin görüşdə şansları qaçırsam da, matçdan sonra hamı mənə yaxınlaşdı, dəstək oldu. Dedilər ki, qol vəziyyətləri yaratmağın özü də bir şeydir, belə davam elə, qollar gələcək. Eynilə onların dediyi kimi oldu".
Andrade həmyerlisi və komanda yoldaşı Patrik Andrade ilə birlikdə iki oyun keçirdiyini xatırladıb: "Sonradan o, “Qarabağ”a keçdi, mən də bu komandanın oyunlarını izləməyə başladım. Daim nəzarətdə saxlayırdım. Həmin dönəmdə “Qarabağ”ın necə böyük klub olduğunun fərqinə varmışdım. Təklif gələndə də bunu böyük sevinclə qarşıladım və düşünmədən qəbul elədim".
Futbolçu Bakıda vaxtını necə keçirməsindən də söz açıb: "Açığı, qəribə bir yerə düşdüyümü hiss etmirəm. Gündəlik vaxtımı keçirdiyim insanlar, mənə olan münasibət… Yeməklərlə bağlı da eyni sözü deyə bilərəm. Milli mətbəxin də dadına baxmışam, yeməklər dadlıdır. Bizə yağlı yeməklər olmaz".
Yarımmüdafiəçi Kabo Verde millisini seçməsində atası ilə yanaşı, P.Andradenin də rolunun olduğunu gizlətməyib: "Hər ikisi ilə danışığımız oldu. Ümumiyyətlə, Kabo Verdedə məni milliyə cəlb etmək üçün çox maraqlı idilər. Daim diqqətdə saxlayırdılar. Bu ölkənin mədəniyyətini özümə daha yaxın hiss edirəm. Bütün bunlar millini seçməyimdə əsas amil oldu".
O, “Qarabağ”ın mövsümü “qızıl dubl”la başa vurmaq şansını da dəyərləndirib: "Həm potensialımız, həm də gücümüz buna çatar. Sadəcə, inanmaq lazımdır. Düşünürəm ki, yeganə rəqibimiz özümüzük. Özümüz özümüzə badalaq vurmasaq, məqsədimizdən bizi heç nə yayındıra bilməz".