"Bilirəm ki, hazırda 3 sarı vərəqəm var. Komandanın yanıda daim olmağım çox vacibdir".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyunlar zamanı hakimlərlə dialoqları barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis "Sabah"a səfərdə 1:3 hesabı ilə uduzduqları oyunun sonlarında işlətdiyi "Rəşada gələndə qaydalar dəyişir" ifadəsinə də aydınlıq gətirib: "Orada bir epizod oldu. Əvvəlcə Təmkin Xəlilzadə rəqibi əllə itələdi, referi cərimə zərbəsi təyin etdi. Sonra isə bizim oyunçunu əllə itələsələr də, cərimə zərbəsi təyin olunmadı. Onu nəzərdə tuturdum. Elə də ciddi epizod deyildi. Hər ikisi mərkəzdə baş vermişdi".
Sadıqov digər baş məşqçilərlə müqayisədə 4-cü hakimlərlə daha az danışdığını, lakin daha çox diqqət mərkəzinə düşdüyünü söyləyib: "Bunun səbəbini bilirəm. Xırda bir söz deyəndə, ifadə səsləndirəndə dərhal mənə sual kimi ünvanlanır və ya sonradan mütəxəssislər şərh edirlər. Bunu başa düşürəm. Amma sizi inandırım ki, diqqət yetirsəniz, çempionatda Qurban Qurbanovdan sonra, 4-cü hakimlə və ya hakimlərlə ən azı danışan baş məşqçi mənəm. Bəli, elə epizodlar olur ki, dözülməz həddə çatırsan. Açığı, danışmağın bir mənasını da görmürəm. Danışanda da nə isə dəyişmir. Hətta baxırsan ki, səhvlər çoxalır və ya sərtləşir. Artıq danışıb özümü yormaqla diqqətimi yayındırmaq istəmirəm".