
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Neftçi"ni qəbul edib.
Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Tiaqo Bezerra vurub. Braziliyalı hücumçu 12-ci və 62-ci dəqiqələrdə fərqlənib.
17-ci dəqiqədə Cəmaləddin Xocaniyazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoyub. 63-cü dəqiqədə "Sumqayıt"ın yeni transferi Anatoli Nuriyev Dmitri Nağıyevi əvəzləyərək, "gənclik şəhəri" təmsilçisində debüt edib. 72-ci dəqiqədə isə Tellur Mütəllimov zədələnərək, meydanı tərk edib. Onun əvəzinə meydana Elvin Məmmədov daxil olub.
Bu qələbədən sonra xallarını 50-yə çatdıran "Neftçi" ikinci pillədəki mövqeyini möhkəmlədib. Aleksey Baqanın gəlişindən sonra qalibiyyətə həsrət qalan "Sumqayıt" isə 15 xalla 7-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Səbail"lə qolsuz, "Qarabağ" "Sabah"la 1:1 hesablı heç-heçə edib, "Zirə" isə gözlənilmədən "Qəbələ"yə uduzub - 0:3.
---------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Zirə" "Qəbələ"ni qəbul edib.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma əyalət təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin qollarını 26-cı dəqiqədə Fernan Lopes, 45-ci dəqiqədə Rafael Utziq, 81-ci dəqiqədə Omar Hani vurub.
Qələbə sayəsində xallarının sayını 38-ə çatdıran "qırmızı-qaralar" 4-cü pilləyə yüksəlib. 42 xala malik "qartallar" isə üçüncü sıradadır.
Qeyd edək ki, günün ikinci matçında "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. İlk oyun günündə "Şamaxı" evdə "Səbail"ə qolsuz, "Qarabağ" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.
------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə 2 görüş keçiriləcək.
Günün ilk matçında avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Zirə" və "Qəbələ" komandaları üz-üzə gələcəklər. Hazırda "qartallar" 42 xalla 3-cü, "qırmızı-qaralar" isə 35 xalla 4-cü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi qalib gələcəyi halda avrokuboklara vəsiqəni təmin edəcək.
Komandalar indiyədək ölkə çempionatında 26 dəfə qarşılaşıblar. Bunların 5-də meydan sahibləri, 8-də qonaqlar qələbə qazanıblar. 13 oyunda heç-heçə qeyd alınıb. Topların nisbətində də əyalət təmsilçisi üstündür - 29:22.
"Qəbələ" 5 oyundur rəqibinə uduzmur. "Zirə" son 6 ev matçında cəmi 1 qələbə qazanıb.
Tura Sumqayıtda yekun vurulacaq. 15 xalla 7-ci sırada yer alan şəhərin eyniadlı təmsilçisi 47 xalla 2-ci yerdə gedən "Neftçi"ni sınağa çəkəcək.
Bu, tərəflərin Premyer Liqada 38-ci dueli olacaq. İndiyədək baş tutmuş görüşlərin 12-si "gənclik şəhəri" təmsilçisinin, 18-i paytaxt klubunun qələbəsi ilə yekunlaşıb. 8 qarşılaşmada qalib müəyyənləşməyib. Meydan sahibləri "ağ-qaralar"ın vurduğu 56 qola 44 qolla cavab verib.
"Neftçi" 4 oyundur uduzmur. "Sumqayıt" son 6 ev qarşılaşmasında qalib gələ bilməyib.
Azərbaycan Premyer Liqası
XXV tur
4 may
17:45. "Zirə" - "Qəbələ" - 0:3
Qol: Fernan Lopes, 26. Rafel Utziq, 45. Omar Hani, 81
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu.
20:00. "Sumqayıt" - "Neftçi" - 0:2
Qol: Tiaqo Bezerra, 12; 62
Qırmızı vərəqə: Cəmaləddin Xocaniyazov, 19 ("Sumqayıt")
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Kapital Bank Arena".
Qeyd edək ki, ilk oyun günündə "Şamaxı" evdə "Səbail"ə qolsuz, "Qarabağ" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.