İngiltərə "Vulverhempton"u Portuqaliya "Tondela"sına icarəyə verdiyi Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxışını diqqətdə saxlayır.
Sportnet.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, klubun nümayəndəsi 23 yaşlı hücumçunun oyununu izləmək üçün sözügedən ölkəyə yollanıb.
Tondela şəhərinin eyniadlı təmsilçisinin səfərdə "Pakuş Ferreyra" ilə 1:1 hesablı heç-heçə etdiyi çempionat matçına tribunadan tamaşa edən "canavarlar"ın nümayəndəsi gənc forvardın durumu ilə bağlı məşqçilər heyətinə raport təqdim edəcək. Dadaşov oyunun 85-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi olan Renat Dadaşov cari mövsümün əvvəlindən "Tondela"da çıxış edir.